Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? – SORĞUbackend

Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞU

Xəbər verildiyi kimi, bu gün ABŞ-də prezident seçkiləri keçirilir. Bütün dünyanın diqqəti hazırda okeanın o tayındadır. Aparılan rəy sorğularının nəticələrinə nəzər sadıqda aydın olur ki, hər iki tərəfin şansları bərardir. Bu da seçkilərin nə qədər gərgin keçəcəyinin təzahürüdür.

KONKRET.az bir neçə azərbaycanlı siyasətçiyə “Seçin imkanınız olsaydı, Donald Trampa səs verərdiniz, yoxsa Kamala Harrisə?” sualını ünvanlayıb.

Cavablar isə müxtəlifdir.

ReAL partiyasının sədri Natiq Cəfərli seçimini Trampdan yana istifadə edib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə sual verildikdən sonra bir neçə saniyə düşünüb və Kamala Harrisi seçib.

2024-cü il Azərbaycan prezidentliyinə namizəd Fuad Əliyev Trampın daxili və xarici siyasətini dəstəklədiyini vurğulayıb:

“Donald Trampın həm daxili, həm də xarici siyasətini dəstəkləyirəm. 2016-cı ildə də qeyd etmişdim ki, o seçiləcək. Elə də oldu. Bu dəfə də eyni fikirdəyəm”.

Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də Trampın qalib gəlməsini istədiyini bildirib.

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Nəsirovun sözügedən məsələyə reaksiyası aşağıdakı kimi olub:

“Hisslərim mənə deyir ki, Tramp qalib gələcək”.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də Trampı dəstəklədiyini açıqlayıb.

Deputat Fazil Mustafa cavab verməkdə çətinlik çəkdiyini deyib:

“Trampla Harrisin bizə nə ziyanı, nə də faydası var. Çünki ABŞ-nin “mətbəxini” bilmirik. Seçki kampaniyalarında səsləndirdikləri fikirlərlə, dövlət siyasətində aldıqları qərarlar bir çox hallarda eyni olmur. Buna görə də konkret nəsə demək çətindir. Kimin prezident olacağı bizim üçün nəyisə dəyişməyəcək. ABŞ gündəmində Azərbaycan yoxdur. Tərəflərdən birinə üstünlük verməyə gəldikdə isə bu barədə çətinlik çəkirəm”.

Sabiq millət vəkili Vahid Əhmədov isə Harrisin şanslarının daha çox olduğunu bildirib:

“Bu məsələyə fikir bildirməkdə çətinlik çəkirəm. ABŞ-də seçkilər demokratik yolla keçirilir. Orada prezidenti xalq seçir. Hər iki tərəfin reytinqi yüksəkdir. Tramp əvvəl prezident kimi fəaliyyət göstərib deyə, onun barədə təsəvvür mövcuddur. Bir dəfə Harrisin konfransda çıxışına qulaq asmışam, çox savadlı və cəsarətli fikirlər səsləndirdi. Hər iki tərəfin platformalarına diqqət yetirdikdə görürük ki, Tramp daxili siyasətə üstünlük verdiyi halda, Harris Baydenin yolunu gedir. Beynəlxalq aləmə mesajlar verir. Son sözü xalq deyəcək. Lakin düşünürəm ki, Harris bir addım öndədir”.

Məlik Məlikov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*