Rusiya bu gündən etibarən Bolqarıstan, Polşa və Çexiya aviaşirkətlərinin uçuşlarına məhdudiyyətlər qoyub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya hakimiyyəti Polşa, Bolqarıstan və Çexiyadan gələn təyyarələr üçün ölkənin hava məkanını bağlamaq qərarına gəlib. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb:
“Bu qərar beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiyada qeydiyyatdan keçmiş hava gəmilərinin bu dövlətlərin ərazisinə uçuşuna qoyulan qadağaya cavab olaraq qəbul edilib” – deyə agentlik vurğulayıb.
İndi bu ölkələrdən Rusiya ərazisinə uçuşlar yalnız Federal Hava Nəqliyyatı Agentliyinin və ya ölkənin Xarici İşlər Nazirliyinin verdiyi xüsusi icazə ilə həyata keçirilə bilər.
Xatırladaq ki, Bolqarıstan Polşa və Çexiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya aviaşirkətləri üçün hava məkanının bağlanması barədə Moskvaya rəsmi məlumat verib. Daha sonra Estoniya və Latviya da Rusiya aviaşirkətlərinə öz əraziləri üzərindən uçuşlara qadağa qoyub. Bundan əlavə Böyük Britaniya da Rusiya ilə hava əlaqəsini bağlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
