Sülh istəyirsiniz, yoxsa müharibə? – Ermənistanın BMT həmləsi sual doğurdubackend

Sülh istəyirsiniz, yoxsa müharibə? – Ermənistanın BMT həmləsi sual doğurdu

Ermənistan sülhdən və Azərbaycanla qonşuluq münasibətləri qurmaqdan danışdığı bir vaxtda BMT tribunasından Azərbaycanda cinayət əməllərinə görə məhkum edilmiş 19 erməni cinayətkarın məsələsini yenidən gündəmə gətirib.

KONKRET.az xəbər verir ki, Ermənistanın BMT-dəki daimi nümayəndəsi Paruyr Ovannisyan BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsinin ümumi debatlarında çıxışı zamanı Azərbaycanda saxlanılan 19 erməni cinayətkarın məsələsini qaldırıb.

Ovannisyan bildirib ki, sülhün möhkəmləndirilməsi istiqamətində səylər davam etsə də, bir sıra məsələlər hələ də həllini gözləyir. O, 19 erməninin saxlanılmasını, itkin düşmüş şəxslərin taleyinin və yerinin müəyyənləşdirilməsini, eləcə də “məcburi yoxaçıxmalar”la bağlı məsələləri sadalayıb.

Söhbət Azərbaycan ərazisində törədilmiş cinayət əməllərinə görə təqsirli bilinərək məhkum edilmiş şəxslərdən gedir. Onların arasında Azərbaycanın bütün dünya tərəfindən tanınmış suveren ərazisində yaradılmış qanunsuz separatçı qurumda özlərini “prezident”, “dövlət naziri”, “parlament sədri”, “müdafiə naziri”, “general” və digər qondarma vəzifələrin sahibləri elan edənlər də var.

Bu şəxslərin cinayət əməlləri məhkəmələrdə araşdırılıb və barələrində hökmlər çıxarılıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət, separatçılıq, qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyəti, terrorçuluq, müharibə və digər ağır cinayətlərlə bağlı əməllərə hüquqi qiymət verilib.

Burada Ermənistan qarşısında çox sadə sual yaranır: BMT indi yadınıza düşdü?

Azərbaycan torpaqları təxminən 30 il işğal altında olduğu dövrdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr niyə yada düşmürdü? BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiqləmiş, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb etmişdi.

822 saylı qətnamədə Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması tələb edilirdi. 853 saylı qətnamədə Ağdamın və Azərbaycanın digər ərazilərinin ələ keçirilməsi pislənilir və işğalçı qüvvələrin dərhal və tam çıxarılması tələb olunurdu. Sonrakı qətnamələrdə də bu tələblər bir daha təsdiqlənmişdi.

BMT qətnamələrinə bu qədər həssas olan Ermənistan həmin sənədlərin tələblərinin yerinə yetirilməsi üçün niyə addım atmırdı? Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması məsələsi niyə təxminən 30 il ərzində həll edilmədi?

Bu gün BMT tribunasından 19 erməni cinayətkarın məsələsini qaldıranlar həmin BMT-nin Azərbaycan torpaqlarının işğalı dövründə qəbul etdiyi qətnamələrə də eyni həssaslığı göstərməli idilər. BMT-yə və onun qərarlarına bu qədər önəm verilirdisə, həmin qətnamələrin tələbləri vaxtında yerinə yetirilməli, Azərbaycan ərazilərindəki qanunsuz silahlı qüvvələr çıxarılmalı idi.

Azərbaycan təxminən 30 il bu qətnamələrin icrasını gözlədi. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini özü bərpa etdi.

Suverenlik tam bərpa edildikdən sonra Azərbaycan ərazisində qanunsuz separatçı strukturlarda fəaliyyət göstərmiş şəxslər saxlanıldı, məhkəmə qarşısına çıxarıldı və törətdikləri cinayət əməllərinə görə məhkum edildilər.

Ermənistan bu gün Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırsa, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində qanunsuz separatçı rejim quraraq özlərini qondarma “prezident”, “nazir”, “general” və digər vəzifələrin sahibləri elan etmiş şəxsləri niyə müdafiə edir? Onların Azərbaycan ərazisində nə işi var idi?

Əgər Ermənistan Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyırsa, Azərbaycan ərazisində qondarma rejimin rəhbərləri kimi fəaliyyət göstərmiş və cinayət əməllərinə görə məhkum olunmuş şəxslərin azadlığını tələb etməsi bu mövqe ilə açıq ziddiyyət təşkil edir. Belə şəxslərin müdafiəsinin Ermənistanın rəsmi səviyyəsində davam etdirilməsi isə İrəvanın bəyan etdiyi sülh və qarşılıqlı ərazi bütövlüyünün tanınması siyasətinin nə dərəcədə ardıcıl olması barədə ciddi suallar yaradır və Azərbaycanda revanşist yanaşmaların hələ də tam aradan qalxmadığı qənaətini daha dangücləndirir.

Ermənistan Azərbaycanla həqiqətən sülh və normal qonşuluq münasibətləri qurmaq istəyirsə, keçmiş separatizmin və onun nümayəndələrinin müdafiəsini siyasi gündəmdə saxlamaqdan geri çəkilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*