21-ci əsrdir. Dünyada süni intellekt insanın səsini tanıyır, avtomobillər sürücüsüz hərəkət edir, robotlar əməliyyat aparır, şəhərlər “ağıllı” sistemlərlə idarə olunur. Biz isə hələ də küçədəki çalaya baxıb “görəsən, maşının altı bu dəfə salamat qalacaqmı?” deyə düşünürük.
Söhbət hansısa ucqar kənd yolundan da getmir. Söhbət Sumqayıtın məhəllə yollarından gedir.
Şəkillərə baxanda adam bir anlıq düşünür ki, bura yol deyil, yağışdan sonra qurumağa macal tapmamış hansısa kənd təsərrüfatı sahəsidir. Çalalar bir-birini əvəz edir, asfalt dağılır, yolun bəzi hissələri sanki torpaq yol statusuna qayıtmaq üçün mübarizə aparır.
Ən maraqlısı isə budur ki, bu mənzərə artıq heç kimi təəccübləndirmir. Sanki şəhər sakini çalaya rast gələndə təəccüblənməlidir, çala olmayanda yox.
Bələdiyyə var, bəs yol hanı?
Burada bir sual ortaya çıxır: şəhər sakinindən bələdiyyə vergisi yığılırsa, həmin vəsaitin şəhərin və məhəllələrin problemlərinin həllinə hansı formada xidmət etdiyini vətəndaş bilməməlidirmi? Vergi yığmaq asandır. Çətin olan isə vətəndaşın qarşısına çıxıb deməkdir ki: “Sizdən topladığımız vəsait budur, filan küçəyə bu qədər xərclədik, filan problemi həll etdik”.
Vətəndaşın cibinə əl uzatmaqla məsuliyyət bitmir. Əksinə, məsuliyyət məhz bundan sonra başlayır. Çünki vergi ödəyən insanın haqqı var soruşsun: Mənim ödədiyim pul haraya gedir? Niyə mənim yaşadığım küçə belə vəziyyətdədir?
Niyə bir şəhərin məhəllə yolları illərlə təmir gözləməlidir? Niyə asfalt örtüyü çəkilir, bir müddət sonra yenidən qazılır, sonra yamalanır və nəticədə yol əvvəlkindən də pis vəziyyətə düşür Bu sualların cavabı “büdcə yoxdur” olmamalıdır. Çünki vətəndaşın cibində də sonsuz pul yoxdur. Amma o, yenə də vergisini ödəyir. Çala da şəhər sakininə çevrilib
Sumqayıtda bəzi məhəllələrə baxanda adamın ağlına bir fikir gəlir: burada yol infrastrukturu yox, çala infrastrukturu yaradılıb. Bir çalanı keçirsən, qarşıda ikisi çıxır. Birini avtomobillə ötürsən, o birindən yayınmaq üçün qarşı zolağa keçməli olursan. Sürücü artıq yol nişanlarına yox, asfaltın üzərindəki “xəritəyə” baxır. Bu isə artıq sadəcə estetik problem deyil.
Pis yol avtomobillərə zərər vurur, sürücülərin xərclərini artırır, piyadalar üçün təhlükə yaradır. Yağışlı havalarda isə çalaların dərinliyini müəyyən etmək belə mümkün olmur. Üstəlik, yolun dağılması suyun hərəkətinə və küçələrin vəziyyətinə də əlavə problemlər yarada bilər.
Yəni söhbət bir az asfalt, bir az da “gözəllik” məsələsindən getmir.
Söhbət şəhərdə normal yaşamaq hüququndan gedir. Sumqayıt sənaye şəhəridir, amma bəzi yolları hələ də keçmiş əsrdə qalıb
Sumqayıt Azərbaycanın ən böyük şəhərlərindən biridir. Sənaye potensialı, əhalisi, iqtisadi əhəmiyyəti olan şəhərdir. Amma şəhərin bəzi məhəllələrində yol mənzərəsi bu statusla heç cür uyğunlaşmır.
Süni intellektdən danışırıq. Amma süni intellektdən əvvəl sağlam asfalt intellektinə ehtiyacımız var. Çünki vətəndaşın ən böyük texnoloji arzusu bəzən çox sadədir: Evinin qarşısındakı yoldan maşını salamat keçirə bilsin.
Sumqayıtlı belə olan təqdirdə bələdiyyənin fəaliyyətini gündəlik həyatında hiss etməlidir.
Küçəsində, məhəlləsində, infrastrukturunda, təmizlikdə, yaşıllıqda, sosial xidmətlərdə duymalıdır.
Əks halda “bələdiyyə” sözü vətəndaş üçün sadəcə vergi bildirişi gətirən qurumun adı kimi yadda qalır. Bu isə yerli özünüidarəetmənin mahiyyətinə uyğun deyil. Axı biz daha nə qədər “buna da dözərik” deməliyik?! Əsl problem bəlkə də çalaların özündən daha böyükdür.
Biz illərdir müxtəlif problemlərə o qədər öyrəşmişik ki, artıq bir çox çatışmazlığı normal qəbul edirik.
Yol pisdir – “düzələr”, su yoxdur – “gələr”z küçə işıqsızdır – “bir gün çəkərlər”. Asfalt dağılıb – “yenidən asfaltlayarlar”.
Amma o “bir gün” bəzən aylarla, illərlə davam edir. Vətəndaş isə gözləyir. Vergisini ödəyir, avtomobilini təmir etdirir, çifayda kizl, yenidən çalaya düşür.
21-ci əsrdə vətəndaşın şəhərdən gözləntisi lüks deyil. O, sadəcə normal yol istəyir. Bu, böyük tələb deyil. Bu, müasir şəhərin ən adi vəzifələrindən biridir. Ona görə də Sumqayıtın məhəllə yollarındakı bu mənzərə ilə bağlı aidiyyəti qurumların sadəcə “görəcəyik”, “araşdıracağıq”, “məsələ nəzarətdədir” tipli cavabları kifayət etməməlidir.
Biz konkret cavab istəyirik: Bu yollar nə vaxt təmir olunacaq? Və daha vacib sual:
Niyə bu vəziyyətə gəlib çatmasına ümumiyyətlə imkan verilib? Çünki asfalt da bir gün çalaya çevrilir.
Amma məsuliyyətsizlik vərdişə çevriləndə şəhərin özü çuxura düşür.
Natiq Səlim,
KONKRET.az



