Suriya ordusu ABŞ hərbi qüvvələrinin mexanikləşdirilmiş patrulunun Həsəkə əyalətindəki nəzarət-buraxılış məntəqəsindən keçməsinə icazə verməyib.
KONKRET.az xəbər verir ki, bu barədə “SANA” agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə Tell-Tamer kəndi yaxınlığında baş verib. Suriya hərbçiləri səkkiz maşından ibarət ABŞ hərbi karvanının hərəkətini əngəlləyib və onları ərazini tərk etməyə məcbur edib.
Qeyd edək ki, Suriyanın şərqində yerləşən Həsəkə, Deyr əz-Zor və Rakka əyalətlərinin əksəriyyəti hazırda ABŞ-ın dəstəklədiyi kürd Suriya Demokratik Qüvvələrinin nəzarətindədir. 2015-ci ildən ABŞ bu ərazidə 9 hərbi baza yaradıb. 2019-cu ilin sonunda ABŞ-ın o zamankı prezidenti Donald Tramp bir neçə yüz Amerika əsgərinin Suriyada qalmasını nəzərdə tutan planı təsdiqləyib. Onların əsas vəzifələrindən biri ölkənin şimal-şərqində neft yataqlarına nəzarəti təmin etməkdir. Dəməşq ABŞ-ın Suriya ərazisində hərbi mövcudluğunu qeyri-qanuni işğal kimi qiymətləndirir.
İqbal Rzayev,
KONKRET.az
