Bəzən sürücülər avtomobillərinə yazılan cəriməni haqsız hesab etsələr də, hara və necə şikayət edəcəklərini bilmirlər. Bəs səhv yazılan cəriməni ləğv etdirmək mümkündürmü? Sürücü haqlı olduğunu hansı sübutlarla təsdiqləyə bilər və etiraz üçün nə qədər vaxtı var?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov suallara aydınlıq gətirib.
Ekspert bildirib ki, sürücü cərimə ilə razı deyilsə, 12 gün ərzində şikayət edə bilər:
“Sürücü yazılan cərimə ilə razı deyilsə və onun əsassız olduğunu düşünürsə, 12 gün müddətində şikayət edə bilər. Bunun üçün elektron qaydada müraciət etmək və ya cəriməni tətbiq edən müvafiq quruma şəxsən ərizə ilə müraciət etmək mümkündür. Bu müraciət təmin edilmədikdə və ya sürücü şikayətinə verilən cavabla razılaşmadıqda, məhkəməyə üz tuta bilər”.
