“Daşınmaz əmlak bazarının çökməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Hazırda alqı-satqı faktları baş verir, bazarda aktivlik əvvəlki dövrlərə nisbətən istənilən səviyyədə olmasa da, Azərbaycanda real həyat varsa, daşınmaz əmlak qiymətləri artırsa, tikinti sektoru müxtəlif yerlərdə tikinti fəaliyyəti ilə məşğuldursa, Bakı şəhərinin 2040-cı ilə qədərki Baş Planına əsasən, qəzalı və istismar müddətini bitirmiş binalar sökülürsə, yeni yollar salınırsa, nəqliyyat əlçatanlığı, infrastruktur və eyni zamanda yaşıllaşdırma istiqamətində layihələr icra olunursa, parklar salınırsa, abadlaşdırma işləri görülürsə, daşınmaz əmlak bazarının çökməsindən söhbət gedə bilməz”.
KONKRET.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, bazarda müəyyən durğunluq ola bilər, alıcı aktivliyi zəifləyə bilər, alqı-satqı proseslərində lənglik müşahidə oluna bilər, amma bu bazarın çökməsi deyil:
“Yəni, bu gün alıcılarla satıcıların gözləntiləri arasında müəyyən fərqlər var. Amma bu fərqlər o demək deyil ki, bazara ciddi ölümcül təsir göstərir və bazarı sıradan çıxarır. Maklerlərin hazırkı durum ilə bağlı mülahizələri əsasında daşınmaz əmlak bazarı barədə fikir yürütmək olmaz. Ola bilər ki, ayrı-ayrı vasitəçilərin, maklerlərin və yaxud rieltorların fəaliyyətində müəyyən azalma var, aktivlik aşağı düşüb. Bu, bütövlükdə ölkə üzrə bazarın vəziyyətinin qənaətbəxş olmadığını deməyə əsas vermir. Bazarın real mənzərəsini müəyyən etmək üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin illik elan etdiyi nəticələrə diqqət yetirmək lazımdır. Orada alqı-satqı əməliyyatları, qiymət dinamikası, ipoteka kreditləşməsi, mənzil bazarındakı təkliflər və s. açıqlanır. Məsələn, bu yaxınlarda 12 min nəfərdən çox şəxs satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə müraciət ediblər. O sistemdə də bilirsiniz ki, kifayət qədər böyük “başvurma” faktı problem yaradıb. Düşünürəm ki, daşınmaz əmlak bazarı əvvəlki kimi olmasa da öz fəaliyyətini davam etdirir. İqtisadi aktivliklə, ölkə vətəndaşlarının maddi rifah səviyyəsi ilə birbaşa əlaqəlidir. Azərbaycan dövlətinin qarşısında böyük proyektlər, layihələr var ki, həmin layihələrin həyata keçməsi daşınmaz əmlak bazarına yeni stimul verəcək. Eyni zamanda, sosial layihələr – ipoteka kreditləşməsi, MİDA, kirayə mənzillər və s. var. Bunlar da bazarın aktivləşməsi üçün əsas rol oynayan istiqamətlər kimi çıxış edəcək. Yaxın müddətdə daşınmaz əmlak bazarının çökməsini bəhanə edib bəziləri qeyd edirlər ki, ucuzlaşma var, qiymətin aşağı düşməsi olacaq və s. Bunlar real hesablamaların nəticəsi deyil. Qiymətlərin artımı bu il və gələn il də davam edəcək”.
V.Oruc qeyd edib ki, bazarda aktivlik o qədər ürəkaçan səviyyədə deyil və bu da müəyyən qədər alqı-satqı hallarının azalmasına səbəb olur:
“Amma qiymətə niyə təsir göstərmir? Çünki “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” icra olunur, qəzalı, istismar müddətini bitirmiş binalar sökülür, şəhərdə abadlaşdırma işləri aparılır, yeni binalar tikilir. Tikinti materiallarının qiymətində hər hansı bir ucuzlaşma yoxdur, əksinə tikinti şərtlərinin, normativlərinin sərtləşməsi, mürəkkəbləşməsi əlavə xərclərin yaranmasına səbəb olur. Əvvəllər tikinti şirkətləri ilə işçilər arasında nağd haqq-hesab olunurdusa, indi bunlar hamısı rəsmi qaydada nağdsız formada həyata keçirilir. Yəni, bütün bunlar qiymətlərin təbii ki, artmasına gətirib çıxarır. Əgər tikintinin maya dəyəri yüksəkdirsə, orda qiymətlərin enməsindən söhbət gedə bilməz. Biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq proqnozlaşdırmışıq ki, mənzillər son üç ayda (oktyabr, noyabr və dekabr) 5%, torpaq isə 8% qiymət artımına məruz qalacaq. İndi burada yerləşməsindən, layihəsindən, yeni və ya köhnə olmasından asılı olaraq fərqlər ola bilər. Amma ümumilikdə qiymət artımı davam edəcək. Biz belə qənaətdəyik. Gələn ildə böyük komplekslərin tikilməsi, daşınmaz əmlak istiqamətində yeni investisiyalar gözlənilir. Düşünmürəm ki, qiymətlər ucuzlaşsın. Amma hələ ki az da olsa artım var və bu artım tendensiyası davamlıdır. Yəni, hər ay müşahidə edirik, hesablayırıq ki, qiymətlər artır”.
