Tanınmış din xadimi, Məşədi Dadaş məscidinin imamı hacı Şahin Həsənlinin vəfatı bütün Azərbaycan xalqını kədərə qərq edib. Minlərlə insan onunla vidalaşmaq üçün hər zaman xütbələrini dinlədiyi Məşədi Dadaş məscidinin önünə toplaşıb. İlahiyyatçının həmkarları da hacı Şahin Həsənlinin vaxtsız vəfatından kədərləndiklərini dilə gətiriblər.
İlahiyyatçının vəfatı ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən hacı Təyyar Hüseynli bildirib ki, hacı Şahin Həsənli hər zaman böyük-kiçik yeri bilən, həmkarlarına qarşı çox mehriban və sadə davranan bir şəxs olub: “Onun insani dəyərləri çoxsaylı kütlənin qəlbində hacı Şahinə qarşı məhəbbət və rəğbət oyada bilib. İslam dinində belə bir hədis var: “Mənəviyyatı təbliğ edən alimlər Peyğəmbərlərin vərəsələridir”. Odur ki, hacı Şahinin xidmətlərini nə qədər sadalasaq az olar. Onun gənclərimizi pis vərdişlərdən doğru-düzgün mənəviyyat yoluna dəvət etməsi, dinimizi düzgün şəkildə çatdırması əvəzsiz xidmətlərdir. Hacı Şahini uzun illərdir tanıyırdım. Onun hansı mərhələyə çatdığının şəxsən şahidi olmuşam. Bu gün onun sözləri və kəlamları mənəviyyat cameəsində bir trend idi”.

Təyyar Hüseynli çox faydalı bir insanı itirdiyimizi xatırladıb: “Allah öz sevib-seçdiyi bəndələrini bu dünyadan çox tez aparır. Belə bir hədis var: “Axirət günü şəhidlərin qanı ilə alimlərin qələminin mürəkkəbi mizana gələndə alimlərin daha önəmli olacaqlar. Alimlər də şəhiddirlər. Çünki onlar öz ömürlərini cəmiyyət üçün fəda edirlər. Odur ki, böyük bir nemət əlimizdən getdi. Allah rəhmət eləsin!”.
Hacı Rahib Babayev də ilahiyyatçı Şahin Həsənlinin vəfatından çox kədərləndiyini dilə gətirib: “Dəyərli bir qardaş, böyük bir nemət idi. Hər zaman dövlətinin yanında olan, xalqını sevən bir şəxs kimi tanımışam. Məsciddə görüşlərimiz, çox xoş söhbətlərimiz olub. Minlərlə gəncin pis yoldan çəkinməsində hacı Şahin Həsənlinin xütbələrinin təsiri əvəzsizdir. Ona görə də bu, Azərbaycan xalqı üçün böyük bir itkidir”.

İlahiyyatçı hacı Şahin Həsənli ilə axırıncı dəfə hacı Salmanın anasının yas mərasimində görüşdüyünü və həmsöhbət olduğunu bildirib: “Təzəpir və “Bibiheybət” məscidlərində görüşmüşük. Hər zaman yeni düşüncələr və insanları düzgün yola çəkmək haqda söhbətlərimiz olub. Gənclərin vətənpərvərlik ruhunu artırmağın yollarını müzakirə etmişik. Bu yaxınlarda görüşməyi planlaşdırırdıq. Təəssüf ki, ölüm bizi ayırdı”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
