“Deyirlər ki, Tavuş bölgəsində Rusiya postları anklavlarla bağlı yaradılır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan avqustun 16-da jurnalistlərlə görüşündə deyib. O bildirib ki, Tavuşda yaradılan postlar anklavlara görə yaradılıb.
“Görün Ermənistan-Azərbaycan sərhədində, Tavuş bölgəsində nə baş verir, deyirlər ki, orada anklavlarla bağlı rus postları qurulur.
Hər kəs bu haqda danışır. İndiki güzəştlər eyni Tavuş və Zəngəzurda yeni güzəştlərə hazırlıqdır”, – o deyib.
Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərində dərin qırışlar var və əsir və itkin düşmüş şəxslər məsələsi ümumilikdə Ermənistanın ictimai müzakirəsindən çıxarılıb.
“Erməni xalqının dünya xəritəsində üstündən xətt çəkilməsinin qarşısını almaq üçün Nikolu (Ermənistanın Baş naziri – red.) çıxarmaq lazımdır. Bizim dövlətimiz yoxdur. Laçın ətrafında baş verənlər və “Surmalu” ticarət mərkəzində baş verən partlayış buna dəlalət edir. Partlayışla bağlı ancaq 27 saat sonra koordinasiya qərargahı yaradılıb. Hakimiyyət isə faciədən iki gün sonra bir gün matəm elan etmək niyyətini açıqlayıb”, – deyə Aşotyan vurğulayıb.
Müxalifətçi Paşinyanı Ermənistan dövlətinin altına qoyulmuş bomba adlandırıb.
“2020-ci il noyabrın 9-dan sonra da Nikol hakimiyyətdə olduğu zaman Ermənistanın mövqeləri indikindən daha güclü idi. Əgər o, noyabrın 9-dan sonra getsəydi, o zaman əsirlər qayıdacaq, Qarabağ münaqişəsi beynəlxalq leksikonda qalacaq, Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ münaqişənin həllində ən mühüm prinsip olaraq qalacaqdı. Axı 9 noyabrdan sonra beynəlxalq ictimaiyyətin mövqeyi belə idi. Paşinyan getsəydi, ordu güclənərdi, müttəfiqlə əlaqələr güclənərdi. İndi biz dünya ictimaiyyətinin gözündə hörmətimizi itirmişik”, – deyə Aşotyan əlavə edib.
O, əmin olduğunu bildirib ki, dünyada mövcud vəziyyət yaxşı heç nə vəd etmədiyi üçün Ukraynadakı müharibənin tezliklə başa çatması Ermənistan üçün faydalıdır.
Aşotyan bunu onunla izah edib ki, fövqəldövlətlər arasında münasibətlər gərgin vəziyyətdə olduğu halda, Ermənistanın gündəmi kölgəyə düşür, Azərbaycan və Türkiyə bundan yararlanır.
“Rusiyanın Cənubi Qafqazda təsirinin zəifləməməsi bizim üçün faydalıdır. Əks halda, biz qurban verilə biləcək sövdələşmə obyektinə çevrilə bilərik”, – deyə o, fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
