Bakını içməli su ilə təmin edən Taxtakörpü anbarı təhlükə ilə üz-üzədir.
KONKRET.az xəbər verir ki, sözügedən anbardan Ceyranbatan su anbarına gedən kanalın Siyəzən rayonu ərazisindən keçən hissəsində vəziyyət acınacaqlı durumdadır. Buna səbəb rayonda fəaliyyət göstərən kərpiç emalı müəssisəsinin kanalın keçdiyi ərazidəki torpaq qatını daşımasıdır. Qeyd edək ki, bu strateji su xəttinin bir neçə metrliyində aparılan qazıntı işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə dayandırılsa da, qadağalara məhəl qoyulmur. Hətta ETSN-in 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən bu işi görən müəssisəyə cərimələr də tətbiq edilib, müəssisənin rəhbərinə dəfələrlə şifahi xəbərdarlıq da olunub. Bütün bunlara baxmayaraq, həmin sahibkar qanunsuz fəaliyyətinə son qoymur. Sakinlərdən aldığımız məlumata görə, gecə saatlarında iritutumlu yük avtomobilləri həmin ərazidən torpaq daşımaqda davam edir.
Qeyd edək ki, Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometr, qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Anbar Azərbaycanın ən hündür torpaq bəndli su anbarı olmaqla yanaşı, nəinki regionda, o cümlədən Avropada ən hündür bəndlərdən biridir.
Əməkdaşımızın ərazidən lentə aldığı görüntüləri təqdim edirik:
Cəlal FƏRZƏLİYEV, Günel MÜSEYİB
