Azərbaycanda kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
KONKRET.az trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin videokonfrans formatında keçirilən bugünkü birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə edilir, hüquqi şəxslər üç min manatdan dörd min manatadək cərimə ediləcək.
Kraudfandinq platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslərə və ya onlar beş yüz manatdan altı yüz manatadək cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
