Tehranın Zərif gedişi: “İran Rusiya vasitəsi ilə Qarabağa girmək istəyir”backend

Tehranın Zərif gedişi: “İran Rusiya vasitəsi ilə Qarabağa girmək istəyir”

Oyunkənar vəziyyətdə qalan cənub qonşumuz yeni yollar axtarır ki, proseslərə müdaxilə imkanı əldə etsin” – Sədrəddin Soltan

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif gələn həftə Bakı, Moskva, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır. O, bu barədə İranın “Mehr” xəbər agentliyinə açıqlama verib: “Qafqaza və Rusiyaya səfər etməyi planlaşdırıram. Adətən, mən elan etmirəm, amma Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfərlərin tarixləri artıq müəyyənləşdirilib”.

İran XİN rəhbəri vurğulayıb ki, Türkiyə ilə də danışıqlar aparılır. Dünən axşam həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub: “Dağlıq Qarabağ məsələsinin həllinə kömək etmək, bölgədə sülh və sabitlik yaratmaq üçün birlikdə işləyə biləcək ölkələrə səfər etmək niyyətindəyəm”.

Zərifin yanvarın 26-da Moskvaya səfər edəcəyi nəzərdə tutulub. Məlumata görə, səfər çərçivəsində İran XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüş zamanı Rusiya və İran XİN başçıları bir sıra beynəlxalq məsələlər ətrafında, o cümlədən İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Dağlıq Qarabağ, Suriya, Əfqanıstan və Körfəzdə mövcud vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.

Maraqlıdır, İranın Qarabağ ətrafında canfəşanlıq etməsinin səbəbi nədir? Qarabağ münaqişəsinin həlli 4 ölkənin iştirakı ilə həyata keçirildiyi halda, İranın fəallığı artırması proseslərdən kənarda qaldığı üçün müdaxilə cəhdi kimi dəyərləndirilə bilərmi?

KONKRET.az xəbər verir ki, Mövzunu AYNA-ya dəyərləndirən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, iranşünas, politoloq Sədrəddin Soltan İranın Qarabağ proseslərində aktivliyi artırmasını Ermənistanı müdafiə etməsi ilə əlaqələndirib: “Düzdür, İran bunu açıq şəkildə bəyan etməyib, amma fəaliyyəti ilə bu dəstəyi nümayiş etdirib. Məsələn, İslam Əməkdaşlığı Təşkilatında Ermənistanın işğalçı olması ilə bağlı sənədlərə İran da qol çəkib, BMT-nin Ermənistanın işğalçı olması ilə bağlı qaldırdığı qətnamələrə etiraz etməyib, amma buna baxmayaraq, İranın Ermənsitanı işğalçı kimi qələmə verən bəyanatı və qətnaməsi də olmayıb. Əksinə, Azərbaycan torpaqları işğal altında olduğu müddətdə İran Ermənistanla iqtisadi, hərbi, siyasi, sosial, mədəni və s. əlaqələri genişləndirib. Bunun da nəticəsi olaraq Qarabağda İran vətəndaşı olan ermənilərin, yaxud etnik qrupların şirkətləri fəaliyyət göstərib. Eləcə də İran Dağlıq Qarabağdakı erməni separatçılarına yanacaq göndərib, ərzaqla təmin edib və s. Bunların da hamısı istər video, istər foto, istərsə də digər sənədlərdə öz əksini tapıb”.

“44 günlük Vətən müharibəsi ərəfəsində də həm Azərbaycan, həm də dünya ictimaiyyəti bildi ki, İran Rusiyadan Ermənistana ötürülən silahların öz ərazisindən keçməsinə şərait yaradıb. Bu da o deməkdir ki, İran Qarabağın işğaldan azad edilməsi prosesində nəinki Azərbaycanın ədalətli mövqeyini müdaifə etməyib, əksinə o müddətdə belə, Ermənistana hərbi və digər yardımların göstərilməsində vasitəçi olub. Həmçinin, Ermənistan və ermənilərə təbliğat vasitəsi ilə də yardım göstərib. Necə ki, İran Prezidenti Həsən Ruhani və İranın müxtəlif rəsmi agentlikləri Qarabağda Azərbaycan tərəfdən muzdluların döyüşdüyünü bəyan etmişdilər. Bununla da İran Azərbaycan ictimaiyyətində etibarsızlıq və etinasızlıq qazanıb”, – ekspert bildirib.

“İndi isə Azərbaycan torpaqları Ermənistan işğalından azad edilib və İran bu məsələdə yoxdur. Ona görə də bütün layihələrlə, müxtəlif ideyalarla Azərbaycana kömək etmək istədiyini göstərmək üçün yollar axtarır. Çünki İran region dövləti olsa da, regionun münaqişəli zonasının həllinin iştirakı prosesindən kənarda qalıb. Məsələn, Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, İran və Gürcüstandan ibarət altılıq formatı nəzərdə tutulub ki, bu formatda belə, İran hələ də özünə yer tapa bilmir. Belə olan halda da İran hesab edir ki, Rusiya vasitəsi ilə Azərbaycana təzyiq edilsin ki, bölgədəki proseslərdə iştirakını təmin edə bilsin”, – Soltan vurğulayıb.

 

Müsahibimiz hesab edir ki, Məhəmməd Cavad Zərifin Moskava səfərində müzakirə ediləcək məsələlərdən biri də İranın, məhz Rusiya vasitəsi ilə Qarabağa daxil olmaq istəyidir: “İranın proseslərdən kənarda qaldığı üçün proseslərə müdaxilə yolları axtarması da məhz bununla bağlıdır. Çünki İran işğalçı ölkəni dəstəkləməklə Azərbaycan cəmiyyəti və hakimiyyətində həm etibarsızlıq qazanıb, həm də özü-özünü oyundan kənar vəziyyətdə qoyub. Bu addım isə təkcə Azərbaycana qarşı deyil, həm də Azərbaycanın haqq işini müdafiə edən digər dövlətlərə qarşıdır”.

 

Politoloqun sözlərinə görə, Zərifin Moskva səfərinin digər tərəfi Amerika Birləşmiş Ştatları (ABŞ) ilə bağlıdır: “Məlum olduğu kimi, ABŞ-da hakimiyyət dəyişikliyi baş verdi və Co Bayden dünən and içərək vəzifəsinin icrasına başladı. Yeni hakimiyyətin isə İranın nüvə və raket proqramı məsələsinə yenidən yanaşacağı və ən azından raket proqramına görə İrana sanksiyalar tətbiq edəcəyi istisna edilmir. Həmçinin, Bayden hakimiyyəti dövründə Rusiyaya qarşı da sanksiyaların tətbiq edilməsi gözlənilir. Bu baxımdan, Zərifin Moskva səfərində ABŞ-ın sanksiyasına məruz qalmaq ehtimalı olan hər iki ölkənin birgə atmalı olduğu addımlar da müzakirə edilə bilər”.

“Zərifin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığının mövzusu da məlum olduğu kimi, Qarabağla bağlıdır. Çünki Türkiyə ilə İran arasında çoxsaylı problemlər var və o problemlərin müzakirəsi, ən azından İraq məsələsi, bölgədəki PKK terrorçularının fəaliyyəti ilə bağlı anlaşılmaz məsələlər var. Çünki PKK həm də İranın ərazisində fəaliyyət göstərir. Düzdür, İran əvvəllər PKK-ya yardım edirdi, amma 1990-cı illərin sonlarından PKK-nın onlara da zərər yetirə biləcəyini başa düşməyə başladı. Zərifin Gürcüstan səfəri də digər səfərlər kimi regional əməkdaşlıqla bağlı olsa da, İran Gürcüstanın ərazi bütövlüyü məsələsində də namərdlik edərək Abxaziya və Cənubi Osetiyanın ilhaqında rəsmi Tiflisin mövqeyini müdafiə etməyib”, – analitik qeyd edib.

O ki, qaldı iranlı nazirin İrəvan səfərinə, Soltan belə münasibət bildirib: “İran İrəvana bir həftə əvvəl hərbi heyət göndərib və iki ölkə arasında gələcəkdə ikitərəfli münasibətlərin qurulması müzakirə edilib. Məlum olduğu kimi, Ermənistan Rusiyanın təbii qazına alternativ olaraq İranın təbii qazını görür və İrandan da təbii qazı ucuzlaşdırmasını təklif edir. Lakin hələlik bu məsələdə anlaşa bilmirlər”.

“Bir sözlə, Qarabağın işğaldan azad edilməsi regionda geosiyasi maraqları da gücləndirib. Belə ki, bir müddət əvvəl Qarabağda hansısa şəkildə fəaliyyət göstəməkdən ehtiyat edən xarici güclər indi daha əminliklə fəaliyyət göstərməyə çalışacaq. İran da qonşuluğundakı proseslərdən kənarda qalmamaq üçün özünü, sözün əsl mənasında Qarabağa soxmağa çalışır. Düzdür, bunu Qarabağda Türkiyənin, NATO-nun, hansısa ölkənin hərbi baza yarada biləcəyi ilə əsaslandırır, guya təhlükəsizliyinə görə fəallığını artırır. Amma unutmaq lazım deyil ki, Azərbaycanın üzərinə götürdüyü öhdəliklər var və həmin öhdəliklər Azərbaycana bu cür addımlar atmağa imkan vermir ki, Qarabağ da hərbi poliqona çevrilsin. Sadəcə olaraq Qarabağda gərginlik yaradan yeganə qüvvələr Rusiyanın sülhməramlıları və Qarabağda qalan erməni silahlılarıdır. Onlar da orda olmasalar, hansı hərbi gərginlikdən və gərginliyi yatırmaq üçün hərbi bazadan söhbət gedə bilər? Ona görə də İran nədənsə ehtiyat edir və özünə təhdid görürsə, bu təhdidi Azərbaycan tərəfdən deyil, Rusiya və Ermənistan tərəfdən gözləməli və təhlükəsizliyini də buna görə təmin etməldir”, – deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*