Eyfel qülləsini idarə edən Société d’exploitation de la tour Eiffel (SETE) şirkətinin baş direktoru Patrik Branko Ruivo 2026-cı ilin sonunda vəzifəsini tərk edəcək.
KONKRET.az xəbər verir ki, bu qərar hindu nümayəndə heyətinin tələbi ilə qadın əməkdaşların işdən uzaqlaşdırılması ilə bağlı insident üzrə aparılan daxili araşdırmadan sonra qəbul edilib.
Hadisə sentyabrın 5-də Bochasanwasi Akshar Purushottam Swaminarayan Sanstha (BAPS) adlı hindu dini hərəkatının nümayəndə heyətinin Eyfel qülləsinə səfəri zamanı baş verib. Le Monde qəzetinin yazdığına görə, Hindistanın Baş naziri Narendra Modinin partiyasına yaxın hesab edilən bu beynəlxalq hind dini təşkilatının nümayəndələri öz nümayəndə heyətinin qadınlarla təmasını məhdudlaşdırmağı xahiş ediblər.
Bundan sonra bəzi qadın əməkdaşlara iş yerlərini tərk edərək xidməti otaqlara keçmək tapşırılıb, ayrı-ayrı postlarda onları kişilər əvəzləyib. Həmçinin qonaqların olduğu müddətdə qadınların bəzi ərazilərdə görünməsinə qadağa qoyulub.
Həmkarlar ittifaqları bildiriblər ki, qadın əməkdaşlar “cinslərinə görə işdən uzaqlaşdırılıb, əvəzlənib və görünməz hala gətirilib”.
Qalmaqal işçilərin tətilinə və Eyfel qülləsinin bir gün müddətinə bağlanmasına səbəb olub. Daha sonra SETE belə şərtlərlə razılaşmamalı olduğunu etiraf edib, baş verənlərə görə üzr istənilib.
SETE gender bərabərliyi prinsiplərinə riayət olunmasını gücləndirmək məqsədilə xüsusi protokol şöbəsi yaradacağını və müvafiq tədbirləri sərtləşdirəcəyini açıqlayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
