ABŞ-nin federal məhkəməsi, iki əsr ərzində Tennisi ştatında edam edilən ilk qadın ola biləcək 50 yaşlı Krista Paykın edamının təxirə salınması barədə qərar verib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Məhkəmə qərarı çərşənbə günü, edamın nəzərdə tutulduğu vaxtdan cəmi bir neçə saat əvvəl verilib.
“The New York Times”ın məlumatına görə, qərar onun vəkillərinin fəal kampaniyasından sonra dəyişdirilib. Vəkillər iddia edirdilər ki, Paykın uşaqlıq dövründə cinsi zorakılığa məruz qalması faktı məhkəmə prosesi zamanı nəzərə alınmayıb. Bundan əvvəl ştat qubernatoru Bill Li Payka əfv hüququ verməkdən imtina etmiş, vəkilləri isə onun edamına hazırlıq işlərinin dayandırılması üçün ABŞ Ali Məhkəməsinə müraciət etmişdilər.
Qeyd edək ki, Payk 1995-ci ildə 19 yaşlı tələbə yoldaşı Kolin Slemmeri öldürdüyünə görə ölüm cəzasına məhkum edilmişdi. Cinayət törədilən zaman təqsirləndirilən şəxsin 18 yaşı var idi. İttiham tərəfinin iddiasına görə, Payk sevgilisi üstündə Slemmerə qarşı qısqanclıq hissi keçirmiş, onu kimsəsiz bir yerə aparmış və sevgilisi ilə birlikdə ona işgəncə verərək öldürmüşdü.
