Təhsilin vəziyyəti hər kəsi narahat edir – Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilərbackend

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər

Cəmiyyətdə Elm və Təhsil Nazirliyi (ETN) ilə Dövlət İmtahan Mərkəzinin (DİM) birləşdirilməsi ilə bağlı təkliflər zaman-zaman gündəmə gəlir. Təşəbbüs tərəfdarları hesab edirlər ki, iki qurumun vahid strukturda fəaliyyət göstərməsi təhsil siyasətinin daha səmərəli həyata keçirilməsinə və sistemdə mövcud problemlərin həllinə kömək edə bilər.

Bəs ETN və DİM-in birləşdirilməsi həqiqətən də təhsil sisteminin inkişafına müsbət təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti, dosent İlham Əhmədov bildirib ki, nəzəri baxımdan belə bir addımın müəyyən müsbət tərəfləri olsa da, mənfi nəticələri daha çox ola bilər.

Ekspertin sözlərinə görə, iki qurumun birləşdirilməsinin əsas müsbət tərəfi vahid təhsil siyasətinin formalaşdırılması və tətbiqinin müəyyən qədər asanlaşması ola bilər:

“İki qurum da təhsil sahəsində fəaliyyət göstərir və dövlətin vahid təhsil siyasətinin formalaşması və tətbiqi daha asan ola bilər. Bu zaman imtahan suallarının dərsliklərə uyğunluğu ilə bağlı suallar da azala bilər. Amma məncə, bu amil birləşmənin yeganə müsbət tərəfidir.

Birləşmənin mənfi tərəfləri isə daha çoxdur. Eyni qurumun həm öyrətməsi, həm də qiymətləndirmə aparması düzgün deyil. Bu halda maraqlar toqquşa və qiymətləndirmənin obyektivliyi sual altına düşə bilər.

Təhsil sisteminin fəaliyyətini qiymətləndirən müstəqil mexanizmin olması vacibdir. DİM-in fəaliyyəti məhz bu baxımdan əhəmiyyətlidir. Ölkədə təhsilin real durumunu rəqəmlər və nəticələr əsasında cəmiyyətə təqdim edən əsas qurumlardan biri DİM-dir”.

“Qiymətləndirmə müstəqil olmalıdır”

İlham Əhmədov hesab edir ki, təhsil sisteminin obyektiv qiymətləndirilməsi üçün qiymətləndirmə qurumu icraedici təhsil strukturundan müstəqil fəaliyyət göstərməlidir.

“DİM müstəqil və peşəkar qiymətləndirmə mərkəzidir. Onun zəngin təcrübəsi və güclü komandası var. Cəmiyyətdə də müəyyən müsbət imic formalaşdırıb.

Əslində ölkədə müstəqil qiymətləndirmə mərkəzləri daha çox olmalı idi. Bunlar həm dövlət, həm özəl, həm də ictimai qurumlar ola bilərdi. Belə qurumlar təhsilin güzgüsü və bir növ diaqnostik mexanizmi rolunu oynayardı. Bununla da sistemdəki problemləri daha obyektiv müəyyənləşdirmək mümkün olardı”.

Ekspertin fikrincə, təhsil sahəsində əsas problemlərdən biri də kadr siyasətidir.

Onun sözlərinə görə, insan kapitalının formalaşdırılmasına cavabdeh olan qurumun özündə də yüksək peşəkarlığa və meritokratiyaya əsaslanan kadr siyasəti formalaşdırılmalıdır.

“İki qurumun birləşməsi ümumi işə ziyan vura bilər”

İlham Əhmədov hesab edir ki, mövcud vəziyyətdə ETN ilə DİM-in birləşdirilməsi təhsil sisteminə müsbət deyil, əksinə, mənfi təsir göstərə bilər.

“Bu mənada iki qurumun birləşməsi ümumi işə ziyanlı ola bilər. Hətta ETN DİM-ə birləşsə belə, nəticənin yaxşı olacağına zəmanət yoxdur. Çünki milli qiymətləndirmə sistemi sərbəst və müstəqil olmalıdır.

Əgər ETN yenidən formalaşdırılsa və bu iş DİM-ə həvalə edilsə, yəni DİM-ə “ETN üçün yeni komanda formalaşdır” tapşırığı verilsə, onda bəlkə də müəyyən müsbət nəticə əldə etmək mümkün olar. İndiki ETN komandası isə birləşmə halında DİM-in də fəaliyyətinə mənfi təsir göstərə bilər”.

Ekspert ETN və DİM-in birləşdirilməsi ideyasının meydana çıxmasının mümkün səbəblərindən də danışıb.

Onun fikrincə, əsas səbəblərdən biri cəmiyyətdə təhsilin vəziyyəti ilə bağlı narazılığın artmasıdır:

“Cəmiyyət təhsilin vəziyyətindən çox narazıdır və çıxış yolları axtarır. Düşünürlər ki, bəlkə bu iki qurumun birləşdirilməsi ilə vəziyyəti dəyişmək olar. Amma hesab edirəm ki, bununla təhsil problemlərinin həlli mümkün deyil.

Digər səbəb isə belə bir ideyanın təhsil idarəçiliyindən qaynaqlanması ola bilər. Uzun illərdir universitet və kolleclərə qəbul prosesinin yenidən təhsil nazirliyinin səlahiyyətinə qaytarılması ilə bağlı müxtəlif fikirlər səslənir.

Belə bir vəziyyət yaranarsa, təhsili və cəmiyyəti hansı problemlərin gözlədiyini təsəvvür etmək çətindir. Əgər birinci sinfə qəbul prosesində belə çoxsaylı problemlər yaranırsa, universitet və kolleclərə qəbulun eyni sistemə verilməsi ciddi risklər yarada bilər”.

“İnsan kapitalını formalaşdıran qurumun öz insan kapitalı güclü olmalıdır”

Ekspert hesab edir ki, təhsil sistemində mövcud problemlərin həlli üçün ilk növbədə idarəetmə və kadr siyasətinə yenidən baxılmalıdır.

“Fikrimcə, bu iki qurumun birləşdirilməsi təhsilə, cəmiyyətə və dövlətə ziyanlı ola bilər. Amma təhsil problemlərini də təcili həll etməliyik. Bunun üçün insan kapitalı formalaşdırmalı olan qurumun özünün insan kapitalını keyfiyyətli, yəni meritokratiya prinsipləri əsasında seçmək lazımdır.

Müxtəlif sahələrdən təsadüfi insanların elm və təhsil sistemində yüksək vəzifələrə gətirilməsi ilə ciddi nəticələr əldə etmək mümkün deyil. Ona görə də uzun illərdir neft kapitalını insan kapitalına çevirməkdə çətinlik çəkirik”.

Beləliklə, ekspertin fikrincə, ETN və DİM-in vahid strukturda birləşdirilməsi təhsil sistemində mövcud problemlərin həlli üçün effektiv mexanizm deyil. Əksinə, onun fikrincə, müstəqil və obyektiv qiymətləndirmə mexanizminin qorunması, eləcə də təhsil sahəsində kadr siyasətinin meritokratiya prinsipləri əsasında qurulması daha vacibdir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*