ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının husilərin nəzarətində olan Sənadakı hava limanında hərbi əməliyyat keçirməsini əvvəlcədən təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Axios nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Axios-un yazdığına əsasən, əməliyyatdan əvvəl Ər-Riyad Vaşinqtondan dəstək istəyib. Donald Trampla telefon danışığı zamanı ABŞ prezidenti planlaşdırılan əməliyyatı dəstəklədiyini bildirib.
Bundan sonra Səudiyyə Ərəbistanı hava limanına zərbə endirib.
Nəşr qeyd edir ki, bu əməliyyat ABŞ və Səudiyyə Ərəbistanının İranın dəstəklədiyi husilərə qarşı həyata keçirdiyi ən qeyri-adi birgə təşəbbüslərdən biri hesab olunur.
Hücuma münasibət bildirən “Ənsar Allah” hərəkatının siyasi bürosunun nümayəndəsi Məhəmməd əl-Fərah isə ABŞ-ı Səudiyyə Ərəbistanını husilərlə birbaşa silahlı qarşıdurmaya sövq etməkdə ittiham edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
