
Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Bişkekdə Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqının (SNASTM) Rəyasət Heyətinin VI iclası keçirilib.
KONKRET.az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, iclasda Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Qırğızıstan Elmlər Akademiyasının prezidenti Murat Cumatayev, Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Murat Jurinov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Bahrom Abduxalimov, Tatarıstan Elmlər Akademiyasının prezidenti Myakzyum Salahov iştirak edib.
Qeyd edək ki, Özbəkistan ilk dəfə Türk Dövlətləri Təşkilatının üzvü kimi Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqının iclasına qoşulub.
Türk Akademiyasının rəhbəri D.Kıdırəli COVID-19 pandemiyasından sonra ilk dəfə toplaşan Birliyin üzvlərinə təşəkkürünü bildirib və gündəliyi təqdim edib.
Tədbir çərçivəsində Akademiyanın rəhbəri Darxan Kıdırali Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti M.Djumatayevi və Tatarıstan Elmlər Akademiyasının prezidenti M.Salaxovu türk dünyasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə, Türk Xalqlarının Qızıl medalı ilə təltif edib.
İclasda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti İsa Həbibbəyli Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqının sədrliyini Qırğızıstan Elmlər Akademiyasına ötürüb.
Öz növbəsində, sədrliyi üzərinə götürən Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti M.Djumatayev rəyasət heyətinin üzvlərinə təşəkkürünü bildirib və birgə layihələr üzərində fəaliyyətini bundan sonra da davam etdirəcəyini deyib.
İclasda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin rəhbər şəxsləri təmsil etdikləri qurumların həyata keçirdikləri işlər və gələcək planlarla bağlı hesabat məruzəsi ilə çıxış ediblər.
Bundan əlavə, görüşdə pandemiyadan sonrakı dövrdə türkdilli dövlət və respublikalarda elmin dəstəklənməsi ilə bağlı tədbirlərə dair fikir mübadiləsi aparılıb, növbəti görüşün keçirilməsi məsələsi müzakirə olunub.
Kazandan xüsusi olaraq gəlmiş Tatarıstan Elmlər Akademiyasının prezidenti M.Salaxov dinləyiciləri rəhbərlik etdiyi Akademiyanın əsas tədqiqat sahələri ilə tanış edib.
Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti B.Abduxalimov elmi əməkdaşlığa dəstək məqsədilə birgə fəaliyyətə hazır olduğunu açıqlayıb.
İclasın yekunu üzrə protokol qəbul edilib. Rəyasət Heyətinin birgə qərarı ilə Birliyin növbəti iclasının Tatarıstanın paytaxtı Kazanda keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqı 2015-ci il iyunun 29-da M.Salahovun təşəbbüsü və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə yaradılıb. Ötən illər ərzində Birliyin 4, rəyasət heyətinin isə bir fövqəladə iclası keçirilib.
KONKRET.az
