
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr yaşıl iqtisadiyyatın inkişafı, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və bu sahəyə investisiyaların cəlb olunması istiqamətində əməkdaşlığı gücləndirirlər.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Omuralıyev Türk Yaşıl Maliyyə Şurasının ikinci iclası çərçivəsində danışıb.
O bildirib ki, Türk Yaşıl Maliyyə Şurasının yaradılması təşəbbüsü Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb. İclas zamanı üzv ölkələrin nümayəndələri yaşıl iqtisadiyyat, bərpaolunan enerji mənbələri və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı təqdimatlar ediblər.
Baş katibin sözlərinə görə, ötənilki görüşlə müqayisədə builki iclas daha məhsuldar keçib:
“Gündəliyin əsas mövzusu yaşıl iqtisadiyyatın inkişafı idi. Bu istiqamət bütün ölkələrimizdə yüksək templə inkişaf edir”.
K.Omuralıyev qeyd edib ki, bir neçə ay əvvəl Astanada keçirilən regional ekoloji forumda məsələlər daha geniş və qlobal müstəvidə müzakirə olunub. Budəfəki görüşdə isə əsas diqqət TDT-yə üzv ölkələrə və onların həyata keçirdiyi yaşıl layihələrə yönəldilib.
Onun sözlərinə görə, müzakirələrin əsas istiqamətlərindən biri də yaşıl layihələrə investisiyaların cəlb olunması olub.
“Energetika sahəsinə nəzər salsaq, görərik ki, ölkələrimizdə günəş, külək və digər bərpaolunan enerji mənbələri sürətlə inkişaf edir. Türkiyədə bərpaolunan enerjinin payı artıq yüksək səviyyəyə çatıb. Azərbaycan və Qazaxıstan zəngin neft və qaz ehtiyatlarına malik olsalar da, bərpaolunan enerji layihələrinə böyük sərmayələr yatırırlar”, – deyə TDT Baş katibi vurğulayıb.
K.Omuralıyev Azərbaycanın enerji profisiti olmasına baxmayaraq, yaşıl enerjinin inkişafına investisiyaları davam etdirdiyini və həyata keçirilən layihələrin Xəzər regionunu da əhatə etdiyini bildirib.
“Ölkələrimiz gələcək nəsillərə daha təmiz iqlim və sağlam ətraf mühit ötürmək istəyirlər. Düşünürəm ki, qarşıya qoyulan bu məqsədlərə nail olunacaq”, – deyə o əlavə edib.
Baş katib qeyd edib ki, TDT çərçivəsində bu məqsədlə ortaq mexanizm yaradılıb. Üzv ölkələr məlumat və təcrübə mübadiləsi aparır, əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edirlər.
O həmçinin bildirib ki, yaşıl layihələrin maliyyələşdirilməsi üçün müxtəlif fondlar və beynəlxalq maliyyə institutlarından vəsaitlərin cəlb edilməsi imkanları da nəzərdən keçirilir.
“Məqsədimiz yalnız fikir mübadiləsi aparmaq deyil, konkret ortaq layihələri həyata keçirməkdir”, – deyə K.Omuralıyev vurğulayıb.
İldırım Musayev,
KONKRET.az
