Türk dünyası yaşıl maliyyədə güclərini birləşdirir – Azərbaycan da iştirak edirbackend

Türk dünyası yaşıl maliyyədə güclərini birləşdirir – Azərbaycan da iştirak edir

ildırım musayev
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yaşıl və davamlı maliyyələşdirmə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti addım atılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, sentyabrın 9-da Qazaxıstanın paytaxtı Astanada “Astana Finance Days 2026” forumu çərçivəsində TDT-nin Yaşıl Maliyyələşdirmə üzrə Şurasının ikinci görüşü keçirilib.

Tədbirdə TDT-nin Baş katibi Kubanıçbek Omuralıyev, AIFC Maliyyə Xidmətlərinin Tənzimlənməsi Komitəsinin (AFSA) baş direktoru Yevgeniya Boqdanova, AIFC Administrasiyasının İdarə Heyətinin sədri Baxtiyar Tleubekov, eləcə də təşkilata üzv və müşahidəçi ölkələrin maliyyə tənzimləyicilərinin, iqtisadi və maliyyə qurumlarının, inkişaf institutlarının və fond birjalarının nümayəndələri iştirak ediblər.

Görüşdə yaşıl maliyyə sahəsində əməkdaşlığın gücləndirilməsi, karbon bazarlarının inkişafı, davamlı maliyyələşdirmənin idarə olunması, o cümlədən şəriət prinsiplərinə əsaslanan maliyyə alətləri müzakirə olunub. Həmçinin ölkələrin institusional imkanlarının artırılması və bu sahədə kadr hazırlığı məsələlərinə diqqət yetirilib.

TDT-nin Baş katibi Kubanıçbek Omuralıyev bildirib ki, türk dövlətləri ümumi tarix, mədəni əlaqələr və ortaq dəyərlərlə yanaşı, maliyyə siyasəti və yaşıl keçid kimi mühüm istiqamətlərdə də əməkdaşlığı institusional səviyyədə gücləndirirlər.

Onun sözlərinə görə, Yaşıl Maliyyələşdirmə üzrə Şuranın əsas məqsədlərindən biri siyasi hədəfləri maliyyələşdirilməsi mümkün layihələrə, investisiya alətlərinə və ölçülə bilən nəticələrə çevirməkdir.

AIFC Administrasiyasının İdarə Heyətinin sədri Baxtiyar Tleubekov isə qeyd edib ki, Mərkəz Qazaxıstanda yaşıl və islam maliyyəsinin inkişafı istiqamətində mühüm təcrübə və infrastruktur formalaşdırıb.

O, bildirib ki, inkişaf etməkdə olan bazarlarda yaşıl və davamlı layihələrin miqyasının genişləndirilməsi üçün kifayət qədər kapitalın cəlb olunması əsas çağırışlardan biridir. Bu baxımdan türk dövlətlərinin birgə fəaliyyəti investisiya imkanlarının genişləndirilməsinə şərait yarada bilər.

Tədbirin yekununda tərəflər birgə kommünike imzalayıblar. Sənədlə Şuranın fəaliyyət istiqamətlərinin genişləndirilməsi qərara alınıb. Beləliklə, Şuranın fəaliyyəti yalnız yaşıl maliyyələşdirmə ilə məhdudlaşmayacaq, daha geniş şəkildə davamlı maliyyələşdirmənin inkişafı və təşviqini də əhatə edəcək.

Qeyd edək ki, Türk Yaşıl Maliyyə Şurası 2024-cü ilin noyabrında yaradılıb. Azərbaycan Mərkəzi Bankı da Şuranın yaradılması ilə bağlı memorandumu imzalayan qurumlar sırasında yer alıb. Şuranın əsas məqsədləri arasında yaşıl və davamlı maliyyənin, eləcə də ESG prinsiplərinə əsaslanan investisiyaların təşviqi dayanır.

Şuranın daimi katibliyi AIFC-nin bazasında fəaliyyət göstərir. Növbəti görüşün 2027-ci ildə Astanada keçirilməsi planlaşdırılır.

İldırım Musayev,

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*