Türk dünyasının arxeoloqları bu barədə razılığa gəldilər – vahid baza yaradılır – FOTOLARbackend

Türk dünyasının arxeoloqları bu barədə razılığa gəldilər - vahid baza yaradılır - FOTOLAR

ildırım musayev
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

Macarıstanın Buqaç şəhərində Türk Dünyası Arxeologiya Elmi-Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyasının (ARICA) üçüncü iclası keçirilib.

KONKRET.az xəbər verir ki, görüş əməkdaşlığın praktiki mərhələyə keçidinə, arxeologiya və tarixi irsin qorunması sahəsində birgə beynəlxalq layihələrin hazırlanmasına həsr olunub.

İclasda Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Macarıstanın “Turan” Fondunun prezidenti Andraş Biro, Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Monqolustanın arxeoloji təşkilatlarının rəhbərləri və nümayəndələri, Türkiyə Tarix Qurumunun təmsilçiləri, həmçinin Macarıstan Milli Muzeyinin rəhbərləri və mütəxəssisləri iştirak ediblər.


İclası açan Şahin Mustafayev bildirib ki, ARICA yaradıldığı üç il ərzində əməkdaşlığın əsaslarının formalaşdırılmasından fəaliyyət göstərən beynəlxalq elmi şəbəkəyə çevrilmək mərhələsinə keçib.

“ARICA artıq formalaşma mərhələsini geridə qoyub və birgə layihələrin həyata keçirilməsinə yönəlmiş fəaliyyət göstərən beynəlxalq elmi şəbəkəyə çevrilir”, – deyə Türk Akademiyasının rəhbəri vurğulayıb.

ARICA Türk Akademiyasının təşəbbüsü ilə 2023-cü ildə Səmərqənddə yaradılıb. İlk rəsmi iclas 2024-cü ildə Şuşada, ikinci iclas isə 2025-ci ildə Ankara və Qaziantepdə keçirilib. Bu müddət ərzində iştirakçılar əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib, birgə elmi təşəbbüslərin və nəşr layihələrinin həyata keçirilməsinə başlayıblar.

Üçüncü iclasın əsas mövzusu birgə fəaliyyətin praktiki mexanizmlərinin müzakirəsi olub. İştirakçılar türk ölkələrinin arxeoloji irsinin birgə tədqiqi üzrə ARICA-nın Beynəlxalq Proqramının yaradılmasını nəzərdən keçiriblər. Proqram müxtəlif ölkələrin mütəxəssislərinə hər il prioritet arxeoloji obyektləri müəyyənləşdirməyə, birgə çöl tədqiqatları, qazıntılar, sənədləşdirmə və elmi təhlillər aparmağa imkan verəcək.

Mümkün istiqamətlər sırasında Böyük İpək Yolunun şəhərləri, erkən türk dövrünə aid abidələr, qədim suvarma sistemləri, Avrasiyanın köçəri mədəniyyətlərinin arxeoloji irsi və orta əsr istehsal mərkəzləri yer alır.

Digər əsas layihələrdən biri türk ölkələrinin arxeoloji abidələrinin Elektron Atlasının yaradılması olacaq. Vahid rəqəmsal bazada ən mühüm arxeoloji obyektlərin yerləşdiyi ərazi, xronologiyası, elmi təsviri, fotoşəkilləri, planları, tədqiqat nəticələri və əsas elmi nəşrlər barədə məlumatların yerləşdirilməsi nəzərdə tutulur.

İştirakçılar həmçinin ARICA-nın Rəqəmsal İnformasiya Portalının və elektron tədqiqat məlumat bazasının yaradılmasını müzakirə ediblər. Bu sistem arxeoloji təşkilatlar, tədqiqatçılar və türk dünyasının elmi mərkəzləri arasında daimi məlumat mübadiləsini təmin etməlidir. Platformada birgə ekspedisiyalar, nəşrlər, konfranslar, qrantlar, təhsil proqramları, tədqiqatçılar və ixtisaslaşmış təşkilatlar barədə məlumatların birləşdirilməsi nəzərdə tutulur.

Bundan əlavə, Türk Akademiyasının prezidenti Şahin Mustafayev hər il ARICA-nın arxeoloji tədqiqatların yekunlarına həsr olunmuş toplantısının keçirilməsini təklif edib. Məqsəd qazıntı və elmi işlərin nəticələrini təqdim etmək, yeni kəşfləri müzakirə etmək və növbəti il üçün əməkdaşlığın prioritetlərini birgə müəyyənləşdirməkdir.

“Məhz bu dörd təşəbbüs ARICA-nı türk dünyasının ortaq arxeoloji irsi sahəsində səmərəli və davamlı əməkdaşlıq platformasına çevirə bilər”, – deyə Akademiyanın rəhbəri bildirib.

İclasda Macarıstanla əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Qeyd olunub ki, macar alimləri, təşkilatları, muzeyləri və tədqiqat mərkəzləri uzun illərdir hunların, Avrasiya çöllərinin və türklərin erkən tarixinin öyrənilməsinə mühüm töhfə verirlər.

“ARICA-nın yaradılmasının təşəbbüskarı kimi Türk Akademiyası bundan sonra da türk dünyasında arxeologiya elminin inteqrasiyasına və inkişafına dəstək göstərəcək”, – deyə Şahin Mustafayev bildirib.

İclas çərçivəsində Akademiyanın koordinasiyası ilə hazırlanmış “Türk dünyasının arxeoloqları: qısa bioqrafiyalar” nəşrinin təqdimatı da keçirilib. Kitabda türk dünyasının müxtəlif ölkələrindən olan görkəmli arxeoloqlar, onların elmi tədqiqatları və arxeologiya elminin inkişafına verdikləri töhfələr barədə məlumatlar toplanıb.

İclasın yekununda iştirakçılar ARICA-nın üçüncü toplantısının Yekun Qətnaməsini qəbul ediblər. Sənəddə yaxın illər üçün əsas prioritetlər və birgə fəaliyyət planı müəyyənləşdirilib.

Qətnamə Assosiasiyanın birgə arxeoloji tədqiqatların praktiki həyata keçirilməsinə, vahid rəqəmsal məkanın yaradılmasına və türk dünyasının tədqiqat təşkilatları arasında sistemli elmi mübadilənin inkişafına keçidini təsbit edir.

İldırım Musayev,

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*