Kipr kəşfiyyat xidmətinin rəhbəri Tsionis Beyruta səfəri zamanı Livanın yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib.
KONKRET.az xəbər verir ki, “Al Akhbar” nəşrinin məlumatına görə, Tsionis Livanın kəşfiyyat rəhbəri Kəhvaci və ordu komandanı Heykalla görüşüb. Danışıqlarda əsas diqqət dəniz sərhədləri və xüsusi iqtisadi zona (XİZ) məsələlərinə yönəlib.
Kipr rəsmisi bildirib ki, 2025-ci il noyabrın 26-da Kipr və Livan arasında imzalanmış dəniz sərhədlərinin delimitasiyası və XİZ ilə bağlı razılaşmadan geri çəkilməyə ehtiyac yoxdur.
Bu açıqlama Kipr ilə Türkiyə arasında Aralıq dənizində gərginliyin artdığı bir dövrdə səslənib. Ankara Nikosiyanın dəniz sərhədlərinin müəyyənləşdirilməsi və qaz kəmərləri ilə bağlı fəaliyyətlərinə qarşı çıxır, bu addımların Şimali Kiprdə yaşayan türklərin hüquqlarını pozduğunu iddia edir.
Kipr tərəfi isə vurğulayır ki, sözügedən mübahisə yalnız Ankara və Nikosiya arasındadır və Livana aid deyil. Rəsmi Nicosiya hesab edir ki, Kipr-Livan razılaşmasının yenidən nəzərdən keçirilməsi üçün heç bir əsas yoxdur.
Qeyd edək ki, 2025-ci il noyabrın 26-da Beyrutda imzalanan tarixi razılaşma Kipr və Livan arasında xüsusi iqtisadi zonanın və dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair 18 illik mübahisəyə son qoyub. Saziş Aralıq dənizində şelfdə yerləşən karbohidrogen yataqlarının birgə araşdırılması və işlənməsi üçün yeni imkanlar yaradıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
