“Türkiyə Ordusunun Azərbaycana gəlişi NATO-nun Azərbaycana gəlişi deməkdir” – Arif Hacılıbackend

"Türkiyə Ordusunun Azərbaycana gəlişi NATO-nun Azərbaycana gəlişi deməkdir" - Arif Hacılı

“Türkiyə Ordusunun Azərbaycana gəlməsindən təkcə Rusiya narahat ola bilər”.

Bunu KONKRET.az-ın əməkdaşı ilə söhbətində Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Partiya sədri qeyd edib ki, Rasim Musabəyov və digərlərinin səsləndirdiyi fikirlərlə tanış deyil: “Sadəcə onlar haqqında yazılanları oxumuşam. Ona görə də onların fikirlərini şərh etmək istəməzdim. Türkiyə Ordusunun Azərbaycana gəlişi beynəlxalq hüquqa görə Azərbaycan və Türkiyənin istəyi ilə ola bilər. Bu, Azərbaycan və Türkiyənin daxili işidir. Əslində Türkiyə Ordusunun Azərbaycana gəlməsindən təkcə Rusiya narahat ola bilər. Çünki Rusiya NATO-ya alternativ hərbi bloka daxil olan dövlətdir. Ancaq son günlər görünən odur ki, Rusiya və Türkiyə arasında normal münasibət formalaşıb”.

Partiya sədri vurğulayıb ki, Avropa və ABŞ-ı Türkiyənin Azərbaycana gəlişi narahat etməməlidir: Çünki Türkiyənin Azərbaycana gəlişi NATO-nun Azərbaycana gəlişi deməkdir. Eyni zamanda Avroatlantik məkanın regionda imkanlarının artması deməkdir. Təəssüf ki, bəzi qərb ölkələri məsələyə başqa motivlərə əsasən xeyli fərqli yanaşır. Bilirsiniz ki, bir neçə gündən sonra hərbi parad keçiriləcək. Paradda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Mən hesab edirəm ki, Azərbaycan daxilində kimlərinsə buna müqavimət göstərməsindən asılı olmayaraq Azərbaycanı xalqının 90 faizdən çoxu Türkiyə ilə dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, eyni zamanda hərbi münasibətlərin daha da yaxınlaşdırılması tərəfdarıdır. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da inkişaf etdiriləcək”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*