“Türkiyənin bu addımı Avropa İttifaqı və ABŞ-ın Ermənistana təzyiqinin tərkib hissəsidir” – ÖZƏLbackend

"Türkiyənin bu addımı Avropa İttifaqı və ABŞ-ın Ermənistana təzyiqinin tərkib hissəsidir" - ÖZƏL

Türkiyənin Ermənistanla hava məkanını üçüncü ölkələr üçün bağlaması rəsmi İrəvanı çətin vəziyyətə salıb. Bu barədə danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistanın Türkiyə və Azərbaycana qarşı təxribatları davam etdikcə, təyyarələrin hava məkanından keçməsinə icazə verilməyəcək. Bəs görəsən, Türkiyənin öz hava məkanını Ermənistanın üzünə bağlaması İrəvan üçün hansı mənfi nəticələrə gətirib çıxara bilər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Türkiyənin öz hava məkanını Ermənistandan gələn üçüncü ölkələr üçün bağlaması rəsmi İrəvanın destruktiv siyasətinin nəticəsidir: “Bu siyasət Türkiyə və Azərbaycan tərəfindən adekvat cavabını alır. Hesab edirəm ki, Türkiyənin bu addımı məhz Avropa İttifaqı və ABŞ-ın Ermənistana təzyiqinin tərkib hissəsidir. Çünki ABŞ və Avropa İttifaqı Ermənistanı öz hava məkanını Rusiyaya açmaqda və Kremlə sanksiyalardan yayınmaq üçün yardım etməkdə günahlandırırdı. Bununla bağlı Qərb İrəvana təzyiq göstərirdi. Düşünürəm ki, Ermənistan bu hava məkanından Rusiyanı sanksiyadan yayındırmaq məqsədi ilə istifadə edirdi. Yəni Rusiyadan gələn təyyarələrin Avropa ölkələrinə getməsinə və əks istiqamətdə hərəkətinə imkan yaradırdı. Rəsmi İrəvan bu sövdələşmədən yetərincə gəlir də götürürdü”.

Əlimusa İbrahimov: İran itirilmiş imkanları geri qaytarmağa çalışacaq -  25.02.2016, Sputnik Azərbaycan

Politoloq əlavə edib ki, Rusiyanın hava məkanı hazırda digər ölkələr üçün bağlıdır. Ona görə də, Kreml bu sahədə Ermənistandan istifadə edir: “Göründüyü kimi Türkiyənin hava məkanı Ermənistan üçün açıqdır. Sadəcə olaraq Ermənistan öz hava məkanından Avropa və digər ölkələrə uçuşlar təşkil edirdi. Bu isə Qərbin Rusiyaya qarşı sanksiyalarının təsirini azaldırdı. Əgər Ermənistan Türkiyə və Azərbaycanla normal münasibətlər şəraitində yaşamaq istəyirsə, o zaman bizim tələb etdiyimiz qaydalara uyğun davranmalıdır. Azərbaycan və Türkiyə həm daxili, həm də xarici düşmənlərə qarşı birgə addım atır. Düşünürəm ki, rəsmi Ankaranın belə bir addım atması dünya dövlətləri tərəfindən də qınaq obyektinə çevrilməyəcək. Çünki Qərb Ermənistanın sanksiyalardan yayınmaq üçün Rusiyaya yardım etdiyini yaxşı bilir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*