Əfqanıstan baş nazirinin müavini Molla Əbdül Qəni Bərdar Axund Türkmənistanla həmsərhəd olan Bəlx vilayətinə səfər edərək “Koş Təpə” kanalının tikintisinin gedişatını yoxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Xronika Türkmənistan” nəşri məlumat yayıb.
Bildirilib ki, “Koş Təpə” kanalının tikintisinə bir il əvvəl, 2022-ci ilin martında başlanılıb.
Belə ki, uzunluğu 285 kilometr, eni 100 metr olan və 684 milyon dollara başa gələcək “Koş Təpə” kanalı “Taliban” tərəfindən bölgələrin suvarılmasında və kənd təsərrüfatının inkişafında istifadə olunacaq.
Qeyd olunub ki, kanal suyu Amudəryadan götürəcək. Kanalın ötürmə qabiliyyəti saniyədə 650 kubmetr olacaq və bu, Bəlx, Cövzcan və Fəryab əyalətlərindəki torpaqları qidalandıracaq.
Məlumata görə, tikintidə 300-ə yaxın şirkət və 6500 işçi çalışır. Layihənin tamamlanması 2028-ci ilə planlaşdırılır.
Bu arada, “Kun.uz“un məlumatına görə, ekspertlər layihənin regionda su hövzəsi ilə bağlı onsuz da çətin olan vəziyyəti daha da pisləşdirə biləcəyindən ehtiyat edirlər.
Onların sözlərinə görə, kanalın tikintisi başa çatdıqdan sonra Əfqanıstanda Amudəryadan suyun istehlakı 7 kubmetrdən 17 kubmetrə qədər arta bilər. Özbəkistan və Türkmənistan isə suvarma suyunun 15%-ə qədərini itirəcək.
İqbal Rzayev,
KONKRET.az