Türkmənistanda “Cəhənnəm qapısı” kimi tanınan Darvaza qaz krateri təbii qaz itkisinə və ətraf mühitin çirklənməsinə səbəb olduğu üçün bağlanacaq.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkmənistan Təbii Qaz Elmi-Tədqiqat İnstitutunun direktoru Bayrammirat Pirniyazov bildirib.
Pirniyazov Darvaza bölgəsində böyük miqdarda təbii qazın yandığını, bunun da ətraf mühitə zərər verdiyini və buna görə də bağlanacağını qeyd edib.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odile Renaud-Basso Darvaza bölgəsindəki kraterdə təbii qaz sızmasının dayandırılmasına kömək etmək üçün Türkmənistanla əməkdaşlığa hazır olduqlarını bəyan edib.
Qeyd edək ki, Türkmənistanda “Cəhənnəm qapısı” kimi tanınan Darvaza qaz krateri paytaxt Aşqabaddan 270 kilometr aralıda, Ahal vilayətində, Qaraqum səhrasının mərkəzində yerləşir. Krater 1970-ci illərdə Sovet İttifaqı dövründə aparılan qazıntılar zamanı əmələ gəlib. Torpağın çökməsi nəticəsində yaranan kraterdən çıxan qaz ətraf mühitə və yaşayış sahəsinə ziyan vurduğu üçün yandırılıb. Eni 60 metr, dərinliyi 20 metr olan krater 50 ilə yaxındır yanır.
İqbal Rzayev,
KONKRET.az
