Rusiyanın Baxmutu ələ keçirməsi dünyanın diqqət mərkəzindədir və müharibənin taleyi ilə bağlı proqnozlar heç də Ukraynanın xeyrinə səsləndirilmir. Belə ki, bir çox siyasi analitiklər Baxmutun işğalını Rusiyanın qələbəsi kimi təqdim edirlər. Görünən odur ki, Qərbin silahları və Ukraynanın həmlələri Rusiyanı yerinə oturda bilmir. Bəs görəsən, Rusiyanın Baxmut qələbəsi müharibənin aqibətinə necə təsir göstərə bilər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Baxmutun müdafiəsi Ukrayna üçün daha çox mənəvi xarakter daşıyırdı: “Çünki Mariupoldan sonra bu ərazi ukraynalılar üçün müqavimətin simvoluna çevrilmişdi. Bu baxımdan, Ukrayna ordusunun Baxmut uğursuzluğu (əgər bu həqiqətdirsə) hərbi əməliyyatlarda Rusiyanın mənəvi-psixiloji üstünlüyü ələ almasına zəmin yarada bilər. Döyüş əməliyyatlarının davam etdiyi bir zamanda bu, kifayət qədər əhəmiyyət kəsb edən bir faktordur. Rusiya tərəfi Baxmutun mühüm hərbi-strateji əhəmiyyətə malik olduğunu bildirir. Bunun nə qədər doğru olduğunu hərbi mütəxəssislər daha yaxşı şərh edə bilərlər. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, Baxmud qondarma “Donetsk respublikası”nın inzibati sərhədlərinə doğru irəliləmək və bu ərazilərdə müdafiənin təşkili üçün mühüm əhəmiyyətə malikdir. Odur ki, Baxmutun işğalı müharibənin taleyinə təsir göstərə bilər”.

Politoloqun sözlərinə görə, bu gün Ukraynada baş verən faciələrdə Rusiya ilə yanaşı, Ukraynadan Rusiyanı zəiflətmək üçün “tələdəki yem” kimi istifadə edənlərin günahı və məsuliyyəti var: “Döyüş əməliyyatlarının ilk günlərindən də bəlli idi ki, Ukrayna ona verilən dəstəyin hansı səviyyədə olmasının fərqinə varmadan Rusiyanın hərbi maşınının qarşısında davam gətirə bilməyəcək. Rusiya cüzi istisnalar olmaq şərtilə heç vaxt qısamüddətli müharibə aparmayıb və bir qayda olaraq kəmiyyət hesabına qalib gəlib. Bəzən hərbi ekspertlərdən Rusiyanın mərmilərinin, raketlərinin tükəndiyini eşidəndə təəccüblənirəm. SSRİ dövründə istehsal olunan silah-sursatların sayı o qədər çoxdur ki, bütün Ukrayna ərazisini qəlpələrlə örtmək üçün yetər. Rusiya Ukrayna ərazisində həm də ömrünü “başa vurmuş” silah-sursatlarının “utilizasiyası” ilə məşğul olur. Keyfiyyət yoxdur, amma kəmiyyət o qədər çoxdur ki, keyfiyyət faktoru nəzərə çarpmır”.
Elçin Mirzəbəyli əlavə edib ki, keçən hər gün Ukraynanı daha ağır dağıntılara məruz qoyur: “Müharibə nə qədər tez dayansa, bu, hər iki ölkənin və xalqın xeyrinədir. Rusiyanı müharibə ilə çökdürmək cəhdi strateji baxımdan yanlışdır və ümumiyyətlə, Qərbin belə bir hədəfinin olduğunu düşünmürəm. Şübhəsiz ki, müharibə və sanksiyalar Rusiyanı zəiflədib, amma bu rəsmi Moskvanın və rus xalqının əhəmiyyətli hissəsinin regiona öz ənənəvi baxış bucağını dəyişə biləcəyi anlamına gəlməməlidir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
