Universitet rektorları üçün yaş həddi tətbiq olunmalıdır? – Ekspertdən təklifbackend

Universitet rektorları üçün yaş həddi tətbiq olunmalıdır? – Ekspertdən təklif

Azərbaycan universitetlərində bir sıra rektorların yaşının 65-i ötməsi ali təhsil müəssisələrinin idarəçiliyində yaş amili ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Dövlət qulluğunda və bəzi digər sahələrdə yaş həddi tətbiq olunduğu halda, ali məktəblərin rəhbərləri üçün də oxşar mexanizmin tətbiqinin mümkünlüyü və bunun idarəetmənin səmərəliliyinə necə təsir göstərə biləcəyi diqqət mərkəzindədir.
Bəs universitet rektorları üçün yaş məhdudiyyəti müəyyən edilməlidirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, cəmiyyətdə rektor vəzifəsi ilə bağlı formalaşmış stereotiplərə yenidən baxılmalıdır.

Ramin Nurəliyev

Onun sözlərinə görə, rektorun mütləq professor və ya akademik olması barədə düşüncə artıq müasir idarəetmə prinsiplərinə tam uyğun gəlmir:

“Bizdə belə bir təəssürat formalaşıb ki, rektordursa, mütləq professor və ya akademik olmalıdır. Halbuki beynəlxalq təcrübəyə baxdıqda görürük ki, ali təhsil müəssisələrinin rəhbəri seçilərkən daha çox onun idarəçilik bacarığına üstünlük verilir. Elmi fəaliyyət vacibdir, lakin effektiv idarəetmə qabiliyyəti daha ön planda dayanır.”

Ekspert qeyd edib ki, müəyyən yaş həddindən sonra, istisnalar olsa da, idarəetmə baxımından çətinliklər yarana bilər:

“Müəyyən yaşdan sonra bəzi şəxslərdə sağlamlıq problemləri meydana çıxır. Bu da onların vəzifələrinin icrasına mənfi təsir göstərir. Hesab edirəm ki, vəzifəli şəxslərin 55 yaşdan sonra vəzifədən ayrılması və ya fəaliyyət istiqamətinin dəyişdirilməsi daha məqsədəuyğun ola bilər.”

Bununla belə, Ramin Nurəliyev yaş amilinin həlledici meyar olmadığını da vurğulayıb. O, bildirib ki, bu məsələdə əsas meyar şəxsin peşəkarlığı və idarəçilik potensialıdır:

“Elə rektorlar var ki, uzun illərdir idarəetmədə peşəkarlıq nümayiş etdirirlər. Digər tərəfdən, gənc kadrların da bu sahədə böyük potensialı var. Burada əsas məsələ yaşlı və ya gənc olmaq deyil. Əsas məsələ potensialın, idarəçilik bacarığının və müasir idarəetmə yanaşmalarına uyğun fəaliyyət göstərə bilməyin təmin olunmasıdır.”

Ekspertin fikrincə, ali təhsil müəssisələrinin inkişafı üçün rəhbər vəzifələrə təyinat zamanı yaşdan daha çox peşəkarlıq, strateji düşüncə və effektiv idarəetmə bacarığı əsas meyar kimi qiymətləndirilməlidir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*