Universitetlərdə təhsil haqları artırılır – SƏBƏBbackend

Universitetlərdə təhsil haqları artırılır - SƏBƏB

Yeni tədris ilinin başlamasına az qalıb. Bəzi universitetlər təhsil haqlarını artıracağını açıqlayıb. Məsələ ilə bağlı bir çox təhsil Müəssisəsinə sorğu göndərdik. Azərbaycan Dillər Universitetindən qiymət artımının olduğunu təsdiqlədilər. Qeyd olunub ki, ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə Dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarında 200 manat civarında bahalaşma olacaq.

Bakı Dövlət Universitetində isə qiymətlərin stabil olduğunu dedilər. Azərbaycan Dövlət İqtisad Universiteti də hər hansı dəyişikliyin olmadığı bildirildi. Digər təhsil müəssisələrindən isə sorğumuza cavab ala bilmədik. O zaman sual yaranır, artıma səbəb nədir? Görəsən, buna əsas varmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bunun səbəblərini açıqladı:

“Sual yaranır, təhsil müəssisələrində artıma səbəb nə ola bilər? Birinci məsələ inflyasiyadır. Yanacaq bahalaşdıqdan sonra bir çox məhsullarda qiymət artımı müşahidə olunur. Bu, əsas amildir. Universitet də xərclərini qarşılaşmaq üçün, illikləri artırır. Çünki onlar publik hüquqi şəxsdir. Azərbaycanda bütün tələbələr ödənişli təhsil alır. Sadəcə bir çoxunun illiklərini dövlət ödəyir. Bundan başqa, artıma digər səbəb isə xarici müəllimlərin dəvət edilməsi, mübadilə proqramları, beynəlxalq əməkdaşlıq və ya müasir resurslarla təminat ola bilər”.

Ekspert ümumilikdə Azərbaycanda təhsil haqlarının baha olduğunu qeyd etdi:

“Qiymət artımında başqa səbəb isə brendləşmə məsələsidir. Bu gün Azərbaycanın hansı universiteti dünya reytinqində yer alırsa, təhsil haqlarını qaldırırlar. İndiki zamanda təhsilin keyfiyyəti aşağıdır, qiymət mütənasib deyil. Baxın, bizim tələbələr aşağı qiymətə Gürcüstan və Türkiyə kimi ölkələrdə daha yaxşı təhsil ala bilirlər. Xülasə, bahalaşmaya səbəb göstərilməlidir. Təəssüf ki, təhsil haqlarını tənzimləyən standart qaydalar yoxdur. Bu barədə mexanizm olmalıdır”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*