Universitetlərin regionlara köçürülməsi: əvvəl infrastruktur, sonra ali məktəbbackend

Universitetlərin regionlara köçürülməsi: əvvəl infrastruktur, sonra ali məktəb

“Universitetlərin Bakı şəhərindən regionlara köçürülməsi ideyasına yalnız paytaxtın yükünün azaldılması prizmasından yanaşmaq düzgün olmaz. Burada əsas məqsəd universitetlərin sadəcə fiziki olaraq başqa şəhərə köçürülməsi deyil, onların vasitəsilə regionlarda yeni iqtisadi, sosial və elmi mərkəzlərin formalaşdırılması olmalıdır”.

 

Fuad Hacıyev evimizi satdırdı, 50 min manatımızı aldı” - SƏNƏD Pravda.az

Bu fikirləri təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, Türkiyə təcrübəsinə baxdıqda, demək olar ki, ölkənin əksər şəhərlərində universitetlərin fəaliyyət göstərdiyi görünür. Lakin Azərbaycan reallığında eyni modeli birbaşa tətbiq etmək çətindir.

“Məsələn, bu gün Ucarda böyük bir universitetin yaradılmasını təsəvvür etdikdə ilk ortaya çıxan məsələ universitet binasının tikintisi deyil, şəhərin buna nə dərəcədə hazır olmasıdır.

Tələbə həyatının ən gözəl və aktiv illərinin 4-5 ili universitetdə keçir. Ona yalnız auditoriya və yataqxana təklif etmək kifayət deyil. Şəhərdə normal ictimai nəqliyyat, sürətli internet, kafe və restoranlar, idman və əyləncə məkanları, parklar, tələbə klubları, mədəni həyat və digər xidmətlər də olmalıdır. Əks halda, gənci Bakıdan regiona göndərməklə keyfiyyətli tələbə həyatı yaratmaq mümkün olmayacaq.

Ona görə də yanaşma əksinə olmalıdır: əvvəl region universitetə hazırlanmalı, daha sonra universitet həmin əraziyə yerləşdirilməlidir”, – deyə F.Hacıyev bildirib. Ekspert qeyd edib ki, bu proses mərhələli şəkildə həyata keçirilə bilər.

“İlk növbədə hansı regionun hansı istiqamət üzrə inkişaf potensialına malik olduğu müəyyənləşdirilməlidir. Daha sonra həmin ərazidə tələbə və müəllimlərin rahat yaşayışı üçün zəruri infrastruktur qurulmalıdır. Növbəti mərhələdə isə regionun iqtisadi potensialına uyğun ixtisaslaşmış universitet yaradılmalıdır. Məsələn, Ucarda klassik, bütün ixtisasların tədris edildiyi universitet əvəzinə güclü mühəndislik və texnologiya universiteti yaratmaq mümkündür. Burada alternativ və bərpa olunan enerji, elektrik və elektronika mühəndisliyi, mexatronika, avtomatlaşdırma, süni intellekt, aqrar texnologiyalar, su mühəndisliyi, logistika və digər müasir istiqamətlər üzrə kadrlar hazırlana bilər. Universitetin ətrafında texnoparkların, laboratoriyaların və şirkətlərin tədqiqat mərkəzlərinin yaradılması isə layihəni sadəcə ali təhsil müəssisəsi olmaqdan çıxararaq regional inkişaf mərkəzinə çevirə bilər”, – ekspert vurğulayıb.

F.Hacıyev hesab edir ki, Azərbaycan üçün “hər rayona bir universitet” modelindən daha çox regional ixtisaslaşmış universitetlər modelinin tətbiqi məqsədəuyğundur.

“Bir region mühəndislik və energetika, digəri kənd təsərrüfatı və qida texnologiyaları, başqa bir region turizm, digər ərazi isə logistika və sənaye üzrə ixtisaslaşa bilər. Sonrakı mərhələdə bu universitetlər beynəlxalq səviyyəyə çıxarıla bilər. İngilis dilində proqramların açılması, xarici professorların cəlb edilməsi, ikili diplom proqramlarının yaradılması və beynəlxalq akkreditasiyaların alınması nəticəsində xarici tələbələrin regionlara cəlb edilməsi də real hədəfə çevrilə bilər. Xarici tələbənin regiona gəlməsi isə yalnız universitet üçün gəlir demək deyil. Həmin tələbə kirayə mənzil tutur, restoran və kafelərdən istifadə edir, alış-veriş edir, nəqliyyata və müxtəlif xidmətlərə pul xərcləyir. Minlərlə tələbənin yaşadığı ərazidə yeni bizneslərin, iş yerlərinin və xidmət sahələrinin yaranması üçün əlavə imkanlar formalaşır. Beləliklə, universitet region üçün sadəcə təhsil müəssisəsi deyil, iqtisadi inkişafın mühərrikinə çevrilə bilər”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, universitetlərin Bakıdan regionlara köçürülməsi mümkündür, lakin bu proses tələsik və yalnız inzibati qərar əsasında həyata keçirilməməlidir.

“Əvvəl infrastruktur, sonra ixtisaslaşma, daha sonra universitet və onun ətrafında formalaşacaq iqtisadi ekosistem qurulmalıdır.

Məqsəd sadəcə Bakıda tələbələrin sayını azaltmaq deyil. Əsas hədəf universitetlər vasitəsilə Azərbaycanın regionlarında yeni inkişaf, elm, texnologiya və iqtisadiyyat mərkəzlərinin yaradılması olmalıdır”, – F.Hacıyev əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*