Valideyn-övlad münasibətləri: “Qız olmağın məğlubiyyət olduğunu təlqin edirlər” – Psixoloqlardan AÇIQLAMAbackend

Valideyn-övlad münasibətləri: "Qız olmağın məğlubiyyət olduğunu təlqin edirlər" - Psixoloqlardan AÇIQLAMA

Ölkəmizdə hər zaman “atalar və oğullar” problemi müzakirə olunur. Nədir problem? Gənc nəsillə yaşlı nəslin arasındakı uçurumun, anlaşılmazlığın səbəbi nədir? Kim daha çox səhv edir, valideyn, yoxsa övlad?

Övlad-valideyn münasibətlərindəki nöqsanları aydınlaşdırmaq üçün KONKRET.az saytı peşəkarların fikirlərini oxuculara təqdim edir:

Psixoloq Gülşən Rüstəmova: “Öz övladlarımızla başqa uşaqları, “xalqın uşağını” müqayisə etməyə ehtiyac duyuruq”

Gülşən Rüstəmova uşaqların öz valideynlərini təqlid etdiyini və bu səbəbə görə də valideynlərin öz davranışlarına diqqət etmələrinin vacib olduğunu bildirdi:

– Valideynlər birmənalı şəkildə bilməlidirlər ki, uşaq tərbiyəsində uşağa nəyi öyrədib, nəyi öyrətməmək məsələsinə fokuslanmağa ehtiyac yoxdur. Valideynlər öz davranışlarına, öz hərəkətlərinə, öz fikirlərini ifadə etmələrinə diqqət etsələr, daha uğurlu olar. Uşaqlar öz valideynlərini təqlid edirlər. Əgər detallara varmadan ümumi danışsaq, belə demək olar, valideynlər hansısa keyfiyyətləri, onlar üçün mühüm olan davranış qaydaları, danışıq tərzi, ünsiyyət bacarığı, uşağın sosial fəaliyyəti və s. bu kimi şeyləri necə görmək istəyirlərsə, birinci növbədə özləri nümunə olmalıdırlar. Məsələn, zərərli vərdişlər. Valideynlər düşünürlər ki, uşaqlarını zərərli vərdişlərdən uzaq saxlayacaqlar. Ancaq etiraf edək ki, nə qədər valideynlərin uşaqların zərərli vərdişlərindən xəbərləri yoxdur. Məsələn, ata, əmi, dayı siqaret çəkir. 14-15 yaşlı üsyankar ruhlu uşağa bunu qadağan edirlər. Həmin uşaq qadağaya əməl edəcək, yoxsa valideynlərinin hərəkətlərini təqlid edəcək? Əlbəttə, valideynlərini təqlid edəcək. İlk növbədə düşünmək lazımdır ki, uşaqlar valideynləri model olaraq görür. Bu səbəbə görə də ilk növbədə öz davranışlarımızı tənzimləyək. Ümumiyyətlə, psixoloji cəhətdən baxanda insanın individuallığı çox önəm daşımalıdır. Bizim cəmiyyətdə elə bir insan yoxdur ki, biz onun fərdiliyini nəzərə alıb onunla həmin fərdi xüsusiyyətlər əsasında davranaq. Ümumi, şablon, öyrəşdiyimiz müəyyən çərçivələrə sığışdırılmış insanı nümunə sayıb, məqsədyönlü şəkildə hamımız ona oxşamağa çalışırıq. Cəmiyyətdən seçilməməyə çalışırıq. Ən böyük səhv də valideynlərin müqayisəsidir. Öz övladlarımızla başqa uşaqları, “xalqın uşağını” müqayisə etməyə ehtiyac duyuruq. Belə müqayisə etmək, uşağın individuallığını görməyə mane olur. Bir də uşaqlara öz hüquq və vəzifələrini aşılamaq, sərhədləri müəyyən etməyi anlatmaq lazımdır. Ancaq öncə o sərhədləri özümüz keçməyək, o qaydaları özümüz pozmayaq. Öncə özümüz bilməliyik ki, o sərhədlər nədir. Yəni sadə dillə desək, sağlam uşaq tərbiyə etmək istəyirsənsə, birinci özünü tərbiyə et. Biz əgər həqiqətən sağlam cəmiyyət istəyiriksə, düşüncələrimizi ələkdən keçirək. Ən azından sağlam düşünməyə çalışaq.

Psixoloq Fərqanə Mehmanqızı: “Qız olmağın məğlubiyyət olduğunu təlqin edirlər…”

Fərqanə Mehmanqızı valideynlərin uşaq tərbiyəsində cinsi ayrıseçkiliyə yol vermələrini ciddi təhlükə hesab edir:

– Uşaqların tərbiyəsində valideynlər həddən çox səhvlər edirlər. Əvvəlcə, uşaqların formalaşması dövründə ona bir şəxsiyyət kimi baxmırlar. Ya həddən çox sərbəstlik verir, ya da həddən çox məhdudiyyətlər qoyulur. Uşağın xarakteri ətrafdakıların uşağa münasibəti və ətrafdakıların biri-birilərinə münasibəti ilə formalaşır. Uşağa yalan danışaraq yalan danışmamağı, qışqıraraq qışqırmamağı öyrədirlər. Uşağa hansısa vədlər verirlər, ancaq əməl etmirlər. Bu da səhvlərdən biridir. Uşağa hansısa əməllərin qarşılığında həmişə hədiyyə vermək olmaz. Uşağa “sən oğlansan”, “kişisən” deyib şişirtmək olmaz. “Sən qızsan” deyib cinsi ayrıseçkilik zehniyyəti yaratmaq olmaz. Tərbiyədə cinsi diskriminasiyaya yol vermək olmaz. “Sən qızsan”, “sən qızsan” deyə-deyə qız uşağının özünü şəxsiyyət kimi hiss etməsinin qarşısını alırlar. Qız olmağın məğlubiyyət olduğunu təlqin edirlər sanki. “O oğlandır, ona olar, sən qızsan, sənə olmaz” deyərək yanlış tərbiyə verirlər. Bu məsələlərdə valideynlər səhvlər edirlər.

Uşaq İnkişaf üzrə Mütəxəssis Nailə Həsənzadə: “Uşağa duyğularını tanımağa, təcrübə qazanmağa şans vermirlər”

Nailə Həsənzadə hesab edir ki, valideynlər uşaqlara öz duyğularını tanımağa mane olurlar:

– Bəzən valideynlər uşaq böyüdərkən yetişdirmədiyinin fərqində olmurlar. Uşağa duyğularını tanımağa, təcrübə qazanmağa şans vermirlər. Ağlayarkən “kimsə ayıb edər”, oğlan uşağıdırsa “kişi ağlamaz” kimi ifadələr uşaqları öz duyğularını tanımadan ətrafın çərçivələrinə salmağa kökləyir. Nəticədə duyğular haqqında qavrama təməldən yanlış qurulmağa başlayır. Gələcəkdə həm öz duyğularını, həm də başqalarının duyğularını anlamaqda, analiz etməkdə çətinlik yaşayır. Təcrübə qazanmağa gəldikdə: uşaqlıqdan doyub-doymadığına, isti və ya soyuq olduğuna, suyu dağıtmadan içə bilib-bilməyəcəyinə valideyn qərar verir. Bu uşaqda özünə inamı sarsıdır. Gələcəkdə başqasının onun haqqında biçilən nəyi bacarıb-bacarmadığı ölçüsünə boyun əyir. Uşaqların yetişməməsinə daha bir səbəb isə tərif, tənqid mövzusunda olan yanlışlardır. İstər tərif, istər tənqid edərkən uşağın özü yox, davranışı hədəf alınmalıdır. Uğur qazandıqda çəkilən zəhmət alqışlanmalı. Yanlış etdikdə uşağın şəxsiyyətinə toxunmadan “niyə etdin?” deyil “bunun bir daha olmaması üçün səncə, nələr etmək olar” istiqamətində müzakirə aparılmalıdır.

Nicat Həşimzadə

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*