Qubada qaz idarəsi əməkdaşlarının səhlənkarlığı ucbatından vətəndaş əlavə pul ödəyəcəyindən narahatdır.
KONKRET.az-ın şimal bürosu xəbər verir ki, Küçeyi kənd sakini Habil Səmədov adına yazılan külli miqdarda saxta borca görə qaz idarəsindən şikayətçidir. Abonent deyir ki, evinə quraşdırılan təbii qaz sayğacının göstəricilərinə dair bildirişlər ötən ildən bəri ona təqdim edilməyib. Və bu səbəbdən idarə ilə arasında böyük analaşılmazlıq yaranıb:
“Ünvanıma bildirişlərin göndərilməməsindən narahat olduğum üçün “Azəriqaz” İB-in əməkdaşlarına bu barədə məlumat verdim. Mənə bildirdilər ki, evimə quraşdırılan təbii qaz sayğacının məlumatları mənim abonent koduma işlənməyib. Abonent bazasında evimə təbii qaz sayğacının 2018-ci ildə quraşdırıldığı qeyd edilib. Lakin sayğacın məlumat parametrlərində 2021-ci ildə istehsal olunduğu qeyd edilib. Bu necə ola bilər? Hazırda həmin sayğacın üzərində 04681 m³, məlumat bazasında isə 17940 m³ sərfiyyat görünür. Bu da o deməkdir ki, məlumatlar yeniləndikdə işlətdiyim təbii qaz birbaşa 25 qəpikdən hesablanacaq. Bu da mənə 1170 manat 25 qəpik borc yaradacaq”.
Abonentin şikayətinə cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə sayğacdakı nasazlıq ucbatından belə bir problemin yarandığını bildirib: “Abonentin məsələsi dərhal araşdırıldı və belə bir qənaətə gəlindi ki, sayğacda problem olub. Bu səbəbdən mərkəzlə sayğacın əlaqəsində rabitə olmayıb”.
E.Vəliyev onu da əlavə edib ki, abonent yalnız istehlak etdiyi və sayğacında indi də göstərilən sərfiyyatın haqqını ödəyəcək. Əlavə olaraq abonentə heç bir cərimə tətbiq olunmayacaq. Eyni zamanda, çox qısa bir vaxtda sayğacı yenisi ilə əvəzlənəcək.
Emin Kərimov,
KONKRET.az
