Vəzifədən gedən kimi səhhəti pisləşən və ya “namaz əhli”nə çevrilən məmurların SİRRİ – Onları nə birləşdirir?backend

Vəzifədən gedən kimi səhhəti pisləşən və ya “namaz əhli”nə çevrilən məmurların SİRRİ – Onları nə birləşdirir?

Bu gün, “Vasif Talıbovun səhhəti pisləşdi, Bakıdan həkimlər çağırıldı” başlıqlı xəbərlər saytların manşetlərini bəzəyib. Demək olar ki, ölkə mediası bu xəbərə köklənərək gündəlik “İP”sini təmin etməyə çalışıb. Məqsədim heç də bu xəbəri yaydığı üçün internet portalları qınamaq deyil. Əsas diqqəti vəzifədən kənarlaşdırıldıqdan dərhal sonra səhhəti pisləşən məmur-oliqarxlara yönəltmək istəyirəm. Görəsən niyə bu şəxslərin səhhəti vəzifədə olarkən yox, “kreslo”nu tərk etdikdən sonra pisləşir? Yaxud niyə milyardları mənimsəyib üzərindən su içərkən yox, tutduqları postlar əllərindən çıxarkən ibadət əhli olmağa, Allaha sığınmağa başlayırlar. Görəsən, xalqın malına göz dikərkən, yaxud büdcəni talayarkən Allah xofu hara yoxa çıxır? Əminəm ki, mənim kimi bir çox insanlar bu haqda düşünsələr də, cavabsız suallar qarşısında aciz qalırlar.

Əslində, dərindən düşündükdə bütün bu sualların cavabını insan özündə yəqin edir. Belə ki, yüksək vəzifə tutan məmur-oliqarxların səhhəti vəzifəni itirdikdən sonra yox, elə “kreslo”da əyləşdikləri vaxtdan pisləşir. Bunun isə bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. Məlumdur ki, Azərbaycanda vəzifəyə təyin olunan məmurların çoxu öz “bakirə”liyini ən yaxşı halda 3-5 ildən sonra itirir. Necə deyərlər saf və məsum uşağı xatırladan bu insanları “kreslo” elə hala salır ki, bir neçə ilə büdcəni talayan, xalqı incidən, vəzifəsindən sui-istifadə edən şəxsə çevrilirlər.

Pul və vəzifə gözlərini elə “kor” edir ki, ətrafda baş verənlər öz dəyərini itirir. Belə vəziyyətdə isə Allah xofu yada düşmür. Necə deyərlər, bataqlıqda batdıqca haram yolla qazandıqları milyonlardan yapışaraq boğulmaqdan xilas olsalar da, mənəvi aşınmadan yaxa qurtara bilmirlər. Milyonları oğurlamağın digər bədəli isə sağlamlığın itirilməsi olur. Dövlətinə xəyanət edən, göstərilən etimadı doğrultmayan, büdcəyə göz dikən məmurun səhhətinin pisləşməsində, min cür xəstəliyə düçar olmasında təəccüblü heç nə yoxdur. Vəzifədə olarkən bütün bu eyibləri pulla örtə bilsələr də, “kreslo”dan düşdükdən dərhal sonra xəstəliklər üzə çıxır. Həm də həyatlarını belə qurban verməyə hazır olduqları “kreslo”nu itirməyi də hər məmur həzm edə bilmir və beləcə xəstəlik tapır. Elə bu səbəblərdəndir ki, vaxtaşırı vəzifəsini itirən məmurların səhhətinin pisləşməsi haqda xəbərlərə şahidlik edirik.

Allah xofunu hiss etmələrinə və ibadət əhlinə çevrilmələrinə gəlincə, burada qeyri-adi heç nə yoxdur. Özlərini əbədi məmur hiss edənlər vəzifənin ömürlük olmadığını anlayanda ibadət əhlinə çevrilirlər.

Məsələn, bir vaxtlar qılıncının arxası da kəsən, böyük holdinqlərə, milyardlara sahib olan sabiq nəqliyyat naziri Ziya Məmmədov illərlə yığdığını bir günün içində itirəndə, “kreslo”sunu tərk edəndə fani dünyada heç nəyin əbədi olmadığını anladı və öz dili ilə desək namaz qılmağa başladı. Bu tip nümunələr çoxdur və cəmiyyət hər şeyi görür. İndi də qanunsuzluqları və özbaşınalıqları ilə Ziya Məmmədovu ötüb keçən Vasif Talıbovun səhhətindəki problemlər üzə çıxıb. Bir azdan Talıbovun da “namaz əhli” olduğunu eşitsəniz, qəti təəccüblənməyin. Amma onların “ibadət əhli”nə çevrilməsi “Tülkü həccə gedir” misalını xatırladır. Tülkünün həccə getməsinə isə heç kim inanmır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*