Buğdanın idxalı, satışı, eləcə də buğda unu, çörəyin istehsalı və satışına tətbiq olunan ƏDV güzəştlərinin müddəti 2027-ci il yanvarın 1-də başa çatır. Bu isə çörəyin qiyməti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Sözügedən dəyişiklik çörəyin qiymətinə təsir göstərə bilərmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, Azərbaycanda 2027-ci ilin əvvəlinə doğru qiymət artımı ilə bağlı ciddi risklər formalaşıb:
“Çörək, yanacaq, dərman və digər strateji məhsullar üzrə qiymət təzyiqinin güclənməsi artıq yalnız nəzəri ehtimal kimi qiymətləndirilə bilməz. Bu risklərin arxasında uzun müddət ərzində yığılan struktur problemləri dayanır. Əsas problem iqtisadi modelin qiymət sabitliyini dayanıqlı şəkildə təmin edə bilməməsidir. Nəticədə hər yeni qiymət şoku əvvəlki problemin üzərinə əlavə olunur və iqtisadiyyatın qiymət artımlarına həssaslığı artır. Çörək üzrə ƏDV güzəştlərinin müddətinin başa çatması bunun konkret nümunəsidir. Tətbiq olunan güzəştlərin davam etdirilməməsi əlavə vergi yükü yarada bilər. Əgər bu məsələ aylar əvvəl məlumdursa, onun qiymətə, istehsalçıya, ticarət sektoruna və istehlakçıya təsiri də əvvəlcədən hesablanmalı idi. İqtisadi siyasətin mahiyyəti risk yarandıqdan sonra onun nəticəsini yumşaltmaq yox, riskin özünü qabaqcadan idarə etməkdir”.
İqtisadçı bildirib ki, çörək kimi strateji məhsulda vergi siyasətinin dəyişməsi adi fiskal qərar kimi dəyərləndirilməməlidir:
“Çörəyin qiymətində artım xüsusilə aşağı və orta gəlirli ailələrin büdcəsinə birbaşa təsir göstərir və inflyasiya gözləntilərini gücləndirir. Vergi yükü çörəyin maya dəyərini yüksəldə bilər. Nəticədə ilkin qiymət artımlarının digər mal və xidmətlərə də keçərək inflyasiyanın ikinci mərhələsini yaratma ehtimalı var”.
Qeyd edək ki, buğdanın idxalı, satışı, eləcə də buğda ununun, çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib. Bundan başqa, kəpəyin istehsalı və satışı da 2019-cu il martın 1-dən 8 il müddətinə ƏDV-dən azaddır. Bu güzəştin müddəti isə 2027-ci il martın 1-də başa çatır.
