Əvvəllər Rusiyada polislər yeni cinayət işləri açmağı heç sevmirdilər. Çünki bu, çoxlu əlavə iş və əziyyət demək idi, üstəlik açılmamış iş istintaqın statistik göstəricilərinə mənfi təsir göstərirdi. Vətəndaşların ərizələrini qəbul etməmək və iş açmaqdan imtina etmək daha asan idi. Bu gün isə hər şey dəyişib. İndi yeni cinayət işləri dərhal açılır və bunun bir məqsədi var: insanı uzunmüddətli həbs cəzası ilə qorxutmaq və onu müharibəyə getmək üçün müqavilə imzalamağa məcbur etmək.
Maraqlıdır ki, bütün bunların tarixdə artıq nümunəsi olub. Həm də təxminən 400 il əvvəl.
Bir vaxtlar əsl qalera köləliyi iqtisadiyyatı mövcud idi. Müharibə aparan bir çox ölkəyə daim qaleralarda işləyəcək avarçəkənlər lazım olurdu. Əvvəlcə bu işə hərbi əsirlər göndərilirdi. Lakin onların sayı kifayət etmirdi. Bundan sonra dövlətlər cinayət qanunvericiliyini dəyişməyə başladılar.
XVI əsrin əvvəllərində İspaniya hakimlərə ağır bədən cəzalarını qaleralarda xidmətlə əvəz etmək hüququ verdi. Daha sonra ispanlar iki ildən az müddətli cəzaları ləğv etdilər. Çünki avarçəkənin yaxşı işçi olması üçün ən azı bir il lazım idi. İnsan məhz fayda verməyə başladığı vaxt onu azad etmək praktik hesab olunmurdu.
Rusiyada müharibəyə evsiz-eşiksiz insanları cəlb etməyə başladıqları kimi, İspaniyada da avarçəkənləri cəmiyyətin marginal təbəqələri arasından toplamağa başladılar: evsizlər, oğrular, qaçaqmalçılar, avaralar və qaraçılar.
Sonralar hətta “qaraçı kimi geyinən” insanlar da tutulmağa başladı. Bu isə potensial şübhəlilərin dairəsini kəskin şəkildə genişləndirdi. 1571-ci ildə Lepanto döyüşündən sonra itirilmiş avarçəkənlərin yerini doldurmaq üçün İspaniya avar çəkə biləcək bütün qaraçı kişilərin məcburi şəkildə orduya və qaleralara cəlb edilməsini elan etdi. Bunun üçün kütləvi reydlər keçirilməyə başlandı.
Rusiyada elan edilmiş səfərbərlikdən sonra olduğu kimi, burada da insanları mümkün qədər azad etməməyə çalışırdılar. Qalera kitablarında Qranadada iki il müddətinə məhkum edilmiş bir şəxsin əlavə səkkiz il həbsdə saxlanıldığı hallar qeyd olunur. Sadəcə, “pis davranışına” görə onun cəzasına illər əlavə edilirdi.
Fransada isə IX Karl cinayət cəzalarının müddətini artırdı və insanların on ildən az müddətə qaleralara göndərilməsini qadağan etdi. Jan-Batist Kolber parlament sədrlərindən məhkəmələrin mümkün qədər çox məhkumun qaleralara göndərilməsini istəyirdi. Hətta ölüm cəzasının qalera cəzası ilə əvəz olunmasını təklif edirdi.
Ölüm və bədən xəsarəti cəzalarının qalera cəzası ilə əvəzlənməsi mərhəmət kimi təqdim edilirdi. Tanış səslənir?
Kolber yazırdı ki, kral üçün yaxşı xəbər var: Renn həbsxanasında 30 “yaxşı məhbus” saxlanılır. Bu, demək olar ki, məhkəmə sisteminə verilən birbaşa plan tapşırığı idi. Cəbhəyə insanlar lazım idi.
1685-ci ildə Nant fərmanının ləğvindən sonra hugenotlar “üsyançılar” kimi qaleralara göndərilir və onlarla son dərəcə sərt rəftar edilirdi. Məqsəd digər dindaşlarının “əsl dinə” qayıtmasına nail olmaq idi.
Rusiyada “xalq arasında məşhur” maddə narkotiklərlə bağlı 228-ci maddə hesab edilirsə, Fransada belə “xalq maddəsi” narkotik yox, duz idi.
Burada qazanc ikiqat idi. Duz vergisi – qabel – xəzinəyə böyük gəlir gətirirdi, bu vergini pozanlar isə donanma üçün avarçəkənlərə çevrilirdi. Kolber insanları cəza müddəti başa çatdıqdan sonra belə illərlə qaleralarda saxlamaqdan çəkinmirdi.
Maraqlıdır ki, həm Fransa, həm də İspaniya qalera eskadronlarını eyni ildə – 1748-ci ildə ləğv etdilər. Bundan sonra məhbuslar sahil ərazilərindəki katorqa düşərgələrinə göndərilməyə başladılar.
İspaniyada qaraçı avarçəkənlər sonradan Almadendəki civə mədənlərinə göndərilirdilər. Orada hər dörd məhbusdan biri cəza müddəti başa çatana qədər həyatını itirirdi.
Qeyd etmək lazımdır ki, İspaniyada qaraçılarla ümumiyyətlə son dərəcə sərt davranılırdı. Qaraçılar həbsdən xilas olmaq üçün kilsələrə sığınırdılar. Çünki həmin dövrdə kilsə hüququ məbədlərdə sığınacaq axtaranlara müəyyən hüquqi toxunulmazlıq verirdi.
Markiz de la Ensenada papa nümayəndəsi vasitəsilə Papa XIV Benediktdən qaraçıların kilsələrdən zorla çıxarılmasına icazə aldı. Beləliklə, hüquqi maneə də aradan qalxdı.
1749-cu ildə – qalera sisteminin artıq ləğv edilməsindən bir il sonra – İspaniyada qaraçılara qarşı “Böyük Oblava” keçirildi. Əməliyyat gizli şəkildə, hərbi idarə vasitəsilə hazırlanmışdı.
Hər korrexidora zabit tərəfindən möhürlənmiş paket təqdim edilirdi. Paket müəyyən edilmiş gündə açılmalı idi ki, həbslər eyni vaxtda həyata keçirilsin. Nə zabitlər, nə də əsgərlər son ana qədər əməliyyatın mahiyyətindən xəbərdar idilər.
Paketlər 1749-cu il iyulun 30-da açıldı və həbslər gecəyarısı başladı.
Əməliyyatın maliyyələşdirilməsi isə elə həbs olunanların öz əmlakı hesabına həyata keçirilirdi: onların əmlakı müsadirə edilir və hərracda satılırdı.
Bir il əvvəl hərbi gəmi kimi ləğv edilmiş qaleralardan bu dəfə üzən həbsxanalar kimi istifadə olunmağa başlandı.
Daha sonra isə məhbuslar katorqaya, mədənlərə, arsenallara və civə şaxtalarına göndərilirdi.
Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az
