Əgər birdən Amsterdama getmək qərarına gəlmisinizsə, yaxşı olar ki, çox ehtiyatlı olasınız.
KONKRET.az xəbər verir ki, bu ölkədə İudeya və Samariya, Qolan təpələri və Şərqi Qüdsdəki yəhudi yaşayış məntəqələrindən malların ölkəyə gətirilməsinə qadağa qüvvəyə minib.
Söhbət kommersiya partiyalarından və ya “İsraildən suvenir” gətirməkdən getmir. Söhbət həmin ərazilərdə tamamilə və ya qismən istehsal olunan istənilən məhsuldan gedir.
Dünən isə “El Al” aviaşirkətinin tam dolu reysi Niderlanda çatdıqdan sonra sərnişinlərin baqajında “məskənlərdən” gətirilmiş malların olub-olmadığını müəyyənləşdirmək məqsədilə ciddi gömrük yoxlamasından keçirilib.
Şərab, kosmetika, geyim, qida, ayaqqabı, fərqi yoxdur, istənilən məhsul ola bilər. Üstəlik, müasir iqtisadiyyatda hansı məhsulun hansı hissəsinin harada istehsal edildiyini özünüz belə bilməyə bilərsiniz. Tutaq ki, “Delta” markalı alt paltarını bir yerdə tikməyə başlayıblar, Maale-Adumimdə tamamlayıblar, başqa yerdə qablaşdırıblar. Və budur, holland gömrükçüsü sizin alt paltarınızın üzərində geosiyasi ekspertiza aparmağa başlayır.
Qadağan olunmuş məhsulu bilərəkdən ölkəyə gətirməyə görə 6 ilədək həbs cəzası nəzərdə tutulur. Məhsulun mənşəyindən xəbərsiz olaraq, yəni bilmədən gətirildiyi halda isə bir ilədək həbs cəzası tətbiq oluna bilər.
Daha bir “gözəl” məqam da var: məhsulun mənşəyini müəyyən etməyə imkan verən etiketi cırmısınız və ya zədələmisinizsə, bu, məhsulun haradan gətirildiyini qəsdən gizlətmək cəhdi kimi qiymətləndirilə bilər. Bu halda isə 6 ilədək həbs cəzası gündəmə gəlir! Bu, heç də zarafat deyil.
Təsəvvür edin, çamadanınıza atdığınız bir saqqızın harada istehsal olunduğundan xəbəriniz olmadığı halda buna görə bir il həbsdə qalmaq məcburiyyətində qala bilərsiniz.
Gec-tez onlar qanunun işlədiyini nümayiş etdirmək üçün kimisə nümunəvi şəkildə cəzalandırmağa ehtiyac duyacaqlar. Və həmin şəxsi mütləq tapacaqlar.
Ona görə də Amsterdama tranzit uçuşla getməyi planlaşdırırsınızsa, bir daha düşünün.
Ağagül Mürsəlov,
KONKRET.az
