Koronavirus təhlükəsinin Azərbaycanla sərhəd olan qonşu ölkələrdə yayılması bir sıra qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. Hazırda demək olar ki, bütün Qafqaz regionunda virus təhlükəsi mövcuddur. Koronavirusun sərhəd bölgələrdə insan tələfatı ilə nəticələnməsi təhlükənin daha ciddi həddə çatmasından xəbər verir. Belə həssas bir dönəmdə Azərbaycan virusun yayıldığı Çindən müxtəlif mənşəli malların idxalını dayandırıb. Eyni zamanda İranla sərhədlər bağlanmasa da, təhlükəsizlik tədbirləri gücləndirilib. Lakin maraqlı məqam ondan ibarətdir ki, koronavirusa yoluxanların sayı Gürcüstanda durmadan artsa da, Azərbaycan öz qonşusu ilə sərhədləri bağlamağa və ticari dövriyyəni məhdudlaşdırmağa tələsmir. Ölkəmizin bu jesti qarşılığında isə Gürcüstan hökuməti qeyri-adekvat addım atır və Azərbaycanla sərhədləri müəyyən müddətə bağladığını açıqlayır. Digər bir narahatedici məqam isə ondan ibarətdir ki, Azərbaycanın mal idxalı böyük olan Çinlə, eləcə də qonşu Gürcüstan və İranla ticari dövriyyəni azaltması ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, indi hər kəs virus təhlükəsinin nəzarət altına alınmasını arzulayır: “Bundan sonra ölkələrin iqtisadi vəziyyətinin sabitləşməsini müşahidə edəcəyik. Artıq iki həftəyə yaxındır ki, Çindən məhsul idxalında məhdudiyyətlər mövcuddur. Bununla yanaşı İran və Gürcüstanla da sərhəddə məhdudiyyətlərin olması Azərbaycanın ticarət dövriyyəsinə mənfi təsir edən amillərdəndir”.
Natiq Cəfərlinin sözlərinə görə Azərbaycan iqtisadiyyatının əsasını neft istehsalı təşkil edir: “Yerli istehsal yeni formalaşdığından bizim idxaldan asılılığımız mövcuddur. Ona görə də İran və Gürcüstanla sərhəddə məhdudiyyətlərin qoyulması, eləcə də Çindən idxalın dayandırılması yerli bazarda qıtlığa səbəb ola bilər. Bu prosesin uzun müddət davam edəcəyi təqdirdə isə bütün sahələrdə qiymət artımı müşahidə olunacaq”.
İqtisadçı əlavə edib ki, devalvasiyaya ən çox neft amili təsir edir: “Koronavirus panikası artdıqca, neftin qiyməti də aşağı düşür. Artıq dünya bazarlarında neftin qiyməti 52 dollara qədər ucuzlaşıb. Azərbaycanın büdcəsində isə neftin qiyməti 55 dollar götürülüb. Əgər proses uzun zaman davam edərsə və neftin qiymətinin ucuzlaşması müşahidə olunarsa, o zaman hökumət manatın məzənnəsində dəyişikliklərə getməyə məcbur ola bilər. Yəni növbəti devalvasiyanın baş verməsi gözləniləndir. Lakin bunun qısa zamanda baş verəcəyini hesab etmirəm. Əgər neftin qiyməti iki-üç ay aşağı səviyyədə qalarsa, o zaman hökumət bu addımı ata bilər”.
Gürcüstanın sərhədləri bağlamasına toxunan iqtisadçı bu məsələ ilə bağlı günün sonuna qədər qonşu ölkə tərəfindən daha məntiqli açıqlamaların veriləcəyinə ümid etdiyini deyib: “Bu addımı Gürcüstanın müvəqqəti təhlükəsizlik tədbiri kimi dəyərləndirirəm. Düşünürəm ki, ən uzağı sabaha sərhədlər açılacaq. Elə bir ciddi təhlükə mövcud deyil ki, sərhəd bağlansın. Gürcüstanın bu addımını qeyri-adekvatlıq kimi dəyərləndirirəm”.
Müşviq Tofiqoğlu