Çinin Uhan şəhərində olan 6 nəfər Türkiyəyə qayıtmaqdan imtina edib.
KONKRET.AZ bildirir ki, Türkiyə bürosunun məlumatına görə, bu barədə ölkənin Səhiyyə Naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir əlavə edib ki, həmin şəxslər könüllü şəkildə qayıtmaq istəməyiblər: “Ümumilikdə 42 sərnişin təyyarəyə mindi. Tibbi müayinə zamanı 42 nəfərin heç birində xəstəliyin əlamətləri aşkarlanmadı”.
Qeyd edək ki, Türkiyənin “Koca Yusuf” adlı xüsusi ambulans-təyyarəsi Çinin koronavirus yayılan Uhan şəhərindən 42 nəfərlə geri dönüb.
Xatırladaq ki, Çinin Hubey vilayətinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirusun (2019-nCoV) səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 11,7 min nəfəri keçib, 259 sakin isə bu virusdan ölüb.
Xatırladaq ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca dünən açıqlamasında aralarında 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşlarının da olduğu 48 nəfərin geri dönəcəyini bildirmişdi. Nazir Türkiyəyə gətirilən vətəndaşların, onları gətirən pilot və səhiyyə ekipajının 14 gün karantində saxlanılacaqlarını da qeyd edib.
