Bir çox istehlakçılar iri ticarət mərkəzlərində və marketlərdə alış-veriş edərkən vitrindəki qiymətlərlə kassada deyilən məbləğin üst-üstə düşməməsindən şikayət edirlər. Bu problem bəzən istehlakçı ilə satıcı arasında mübahisənin yaranmasına qədər gedib çıxır.
Bəs görəsən bu cür hallarla qarşılaşan istehlakçılar hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçı vitrində gördüyü qiyməti ödəmək hüququna malikdir: “Bu, çox geniş yayılan bir problemdir. Çox çalışırıq ki, marketlər üçün Nazirlər Kabinetinin qaydalarını əldə edək. Çünki marketlərdə hərc-mərclik və süni qiymət artımı halları baş verir. Prezident bütün iqtisadi çıxışlarında ölkədə süni qiymət artımının olduğunu vurğulayır. Marketlər isə böyük bir şəbəkə kimi bu cür halların baş verməsində böyük rol oynayırlar. Bu cür şikayətlərə irad bildirdikdə isə, “qiyməti dəyişmək yadımızdan çıxıb” deyərək müştərini yola verirlər”.

Eyyub Hüseynov deyir ki, vitrində qiymətin yuxarı göstərilib, kassada aşağı olduğu müşahidə edilməyib: “Bütün tətbiq olunan texnologiyalar istehlakçıların aldadılmasına yönəlib. Təəssüf ki, bazara nəzarət etməli olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu problemlərə son qoyulması üçün addımlar atmır. İstahlakçılar aldadılırlar, kartla ödəmələrdə müxtəlif problemlər yaranır. Ona görə də, istehlakçılar kartla ödəniş etdikdə mütləq kassa çekini saxlasınlar və sms məlumatlara nəzər yetirsinlər. Bu cür problemlə rastlaşdıqda aidiyyatı dövlət orqanlarına mütləq məlumat versinlər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
