Xaçmazın Ağaşirinoba kəndindən keçən yeni İpək yolu sözün əsl mənasında sakinlərin əl-qolunu bağlayıb. Yaşayış sahələri ilə pay torpaqları arasında tikilən yol torpaq sahibləri üçün böyük bir maneəyə çevrilib.
KONKRET.az-ın şimal bürosu xəbər verir ki, kənd yeni salınmış yolun alt hissəsində, bağ və əkin sahələri isə üst hissədə olduğuna görə torpaq sahibləri öz ərazilərinə texnika ilə gedə bilmirlər.
Sakinlər bildirirlər ki, yeni çəkilmiş yola görə onlara kompensasiya ödənilib. Ancaq sahələrə gediş-gəliş üçün nəqliyyat yolu salınmayıb. Körpünün altındakı tunelsə yalnız piyadalar üçün nəzərdə tutulub ki, yağışlı havada orada yaranan bataqlıq və gölməçə də hərəkəti xeyli çətinləşdirir.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlamasında kənd bələdiyyəsinin sədri Müseyib Aslanov bildirib ki, torpaq sahibləri bu problemi öz aralarında da həll edə bilərlər. Yəni bağlarının alt hissəsindən yol vermək imkanı olan 7-8 ailə var ki, onlar buna razılıq versələr, məsələ kökündən həll olunar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə tikinti zamanı hər hansı bir ərazidə problemlər yaşanırsa, vətəndaşların agentliyə rəsmi şəkildə müraciət etməli olduqlarını deyib. Əlavə edib ki, yalnız bu halda həlli mümkün olan məsələlərlə bağlı podratçı şirkətlərə tapşırıqlar verilə bilər.
Qeyd edək ki, yaxın aylarda yolun mühafizəsi üçün qoruma zolaqlarının çəkiləcəyi də nəzərdə tutulur ki, bu da bağlara doğru hərəkəti tamamilə çətinləşdirəcək. Ümid edək ki, aidiyyəti orqanlar məsələnin həlli istiqamətində tezliklə ciddi addımlar atacaqlar.
Emin Kərimov,
KONKRET.az
