İran Prezidenti Məsud Pezeşkian ilə ölkənin ali dini lideri Müctəba Xamenei arasında keçirilən iki saat yarımlıq görüş həm ölkə daxilində, həm də beynəlxalq arenada diqqətlə izlənilir. Görüş fonunda İran siyasi sistemində parçalanma, SEPAH-ın artan təsiri və Amerika ilə aparılan danışıqların taleyi ilə bağlı müxtəlif iddialar səsləndirilirdi.
Bəs bu görüş hansı mesajları verdi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Pezeşkianla Xamenei arasında keçirilən görüş ilk növbədə İran siyasi sistemində koordinasiyanın və daxili konsolidasiyanın qorunmasına hesablanıb.

Politoloqun sözlərinə görə, son dövrlər İran daxilində ali rəhbərin səhhəti, siyasi hakimiyyət daxilində fikir ayrılığı və xüsusilə də ABŞ-İran münasibətlərinə təsir edən daxili parçalanma ilə bağlı iddialar geniş yayılmışdı:
“Xameneinin sağ olub-olmaması ilə bağlı müxtəlif məlumatlar dövriyyəyə buraxılmışdı. Paralel olaraq İran siyasi sistemində ciddi parçalanmanın olduğu və bunun ABŞ-İran danışıqlarına mənfi təsir etdiyi vurğulanırdı. Hətta Vaşinqtonda da belə qənaət formalaşmışdı ki, ölkədə əsas söz sahibi artıq siyasi hakimiyyət deyil, daha çox SEPAH komandanlığıdır”.
Ekspert qeyd edib ki, məhz bu səbəbdən Pezeşkian ali dini liderlə görüş tələb edib və əsas məqsəd vahid idarəetmə görüntüsünün yaradılması olub:
“Pezeşkian İran siyasi hakimiyyətinin kənara sıxışdırılması ilə bağlı narahatlığını ifadə edib. Görüşün əsas məqsədi vahid komandanın formalaşdırılması və dövlət institutlarının fəaliyyət göstərdiyini nümayiş etdirmək idi. Çünki İran xarici təhdidlərə qarşı mübarizədə daxili siyasi sabitliyi və təhlükəsizliyi əsas faktor hesab edir”.
Məhəmməd Əsədullazadənin fikrincə, görüş zamanı verilən mesajlar həm İran cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanıb:
“Pezeşkianın açıqlamaları göstərdi ki, İran dövlət strukturu qorunur, ali dini lider qərarverici mərkəz olaraq qalır və proseslərə tam nəzarət edir. Bu, xaricdən İranın daxili siyasi sisteminə yönələn baxışlara cavab xarakteri daşıyır və müəyyən sabitlik görüntüsü yaradır”.
Politoloq əlavə edib ki, son dövrlər əsasən SEPAH nümayəndələrinin açıqlama verməsi cəmiyyətdə də suallar doğururdu:
“Pezeşkian qeyri-müəyyənliyi aradan qaldırmaq və siyasi sistemin işlək olduğunu göstərmək üçün bu görüşü keçirdi. İran hakimiyyəti cəmiyyətə mesaj verir ki, dövlət idarəçiliyində boşluq yoxdur və bütün qərarlar mərkəzləşdirilmiş şəkildə qəbul edilir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
