İranın Ali Rəhbəri Müctəba Xamenei Fars körfəzi ölkələrinin rəhbərlərinə müraciət edərək onları “əsl düşməni” müəyyənləşdirməyə və onun planlarına uymamağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
İran lideri xüsusilə Qərbi Asiya və Fars körfəzi ölkələrinin rəhbərlərinə müraciət edərək düşmənin planlarını düzgün müəyyənləşdirməyin və ona qarşı mübarizə aparmağın vacibliyini vurğulayıb.
“İslam və onun ardıcılları çətin və qızğın mərhələlərdən keçərək, bir çox sarsıntıları geridə qoyub taleyüklü və həlledici bir mərhələyə çatıblar”, – deyə Xamenei bildirib.
Onun sözlərinə görə, İslam dünyasının qarşılaşdığı problemlərin həlli birlik, dostluq və əməkdaşlıqdan keçir.
Xamenei ABŞ və İsraili müsəlman birliyinin “and içmiş düşmənləri” adlandırıb. O bildirib ki, bu qüvvələrin məqsədi yalnız İranı deyil, bütövlükdə İslam dünyasını parçalamaqdır.
“Onlar təkcə İslam Respublikasının, İran xalqının və İslami Müqavimət cəbhəsinin düşmənləri deyil, bütün İslam ümmətinə qarşı düşmənçilik edirlər”, – deyə İranın Ali Rəhbəri qeyd edib.
Xamenei Fars körfəzi ölkələrinin rəhbərlərini xarici qüvvələrin planlarına qarşı ayıq olmağa çağırıb və müsəlman ölkələri arasında birlik və qarşılıqlı müdafiənin gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin həqiqətin yalan üzərində qələbəsinin İslam dünyası üçün əvvəlkindən daha yaxın olduğunu bildirib.
Günay Əli
KONKRET.az
