“YAŞAT” vətəndaşın dövlətə sevgisinə imkan yaratdıbackend

 “YAŞAT” vətəndaşın dövlətə sevgisinə imkan yaratdı

44 günlük müharibə dövrü ərzində sadə adamlar istər şəhid ailələrinə, istərsə də qazilərə yardım etmək istəyirdilər. Bəzən qazilərə yardım üçün şəxsi təşəbbüslər göstərənlər olurdu. Lakin xalqa məlum idi ki, belə şəxslərin arasında arzuolunmaz şəxslərin mövcudluğu da mümkündür. Dövlət Təhlükəsizliyi Xidmətinin bu günlərdə ifşa edərək saxladığı vətəndaş da onlardan biri idi. Ona görə bu istiqamətdə inamlı fondun yaradılmasına zərurət yaranmışdı.

Prezident İlham Əliyev “YAŞAT” Fondunun yaradılması barədə sərəncam imzaladı. Adıçəkilən fond artıq dünya azərbaycanlılarının da üzünə açıqdır. Dünyanın istənilən ölkəsində yaşayan həmyerlimiz, yaxud Azərbaycanın dostu həmin fonda yardım etməklə, ümumilikdə silahlı qüvvələrimizə dəstəyi ilə dövlətin də işini yüngülləşdirəcək. Nəinki silahlı qüvvələr, eləcə də hərbi qulluqcuların məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəhid ailələrinə köməklik göstərməyi hamı arzulayar. İndi adamlar düşünür ki, müharibədə silah götürüb düşmənə qarşı vuruşa bilməsəm də, mənəvi cəhətdən dəstəyimi əsirgəməyim.

“YAŞAT” Fondu elə yaradılıb ki, bütün fəaliyyətini sadə vətəndaş da izləyə biləcək. Ümumi nəzarəti həyata keçirmək üçün Prezident İlham Əliyevin Sərəncamı ilə 11 nəfərlik Himayəçilik Şurası yaradılıb. Elə bir sistem, portal qurulacaq ki, 50 milyonluq hər bir azərbaycanlının bu Fonda nəzarət etmək imkanı olsun. İstənilən şəxs Fondun rəsmi internet səhifəsinə daxil olub, onun fəaliyyəti ilə bağlı hesabatı görmək imkanı əldə edəcək. İstəyirsə, sorğu göndərib hesabatla bağlı daha detallı məlumat almaq mümkündür. Elektron sistem, portal elə qurulacaq ki, hər bir vətəndaş bu Fondun ictimai nəzarətçisi olacaq. Fondun bank rekvizitləri məlumdur, artıq 4 valyuta üzrə hesab açılıb.

Bundan əlavə, istənilən şəxs “YAŞAT” Fondunun rəsmi internet səhifəsinə daxil olub, fəaliyyətlə bağlı hesabatı görə biləcək. Hətta istəyirsə, sorğu göndərib hesabatla bağlı daha detallı məlumat alacaq. Fondun yaradılması dəstək proqramlarına əlavə impuls verəcək. Görünən odur ki, dövlət bu sahədə vətəndaş cəmiyyəti təşəbbüslərini reallaşdırmaq üçün müvafiq platformanın təməlini qoydu.

Birmənalı şəkildə söyləmək olar ki, Azərbaycan vətən müharibəsi qəhrəmanlarına ən ali dəyəri verir, cəmiyyətin bütün təbəqələrinin bu məsələlərə həssas yanaşması var və Qarabağ savaşı kontekstində dövlətin həyata keçirdiyi sosial siyasət ölkədə mövcud olan həmrəylik və milli birlikdən xəbər verir. Ümumilikdə, Azərbaycanda dövlətin sosial siyasətinin əsas istiqamətləri sırasında şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsini təmin etmək, onların rifah halını yüksəltmək və problemlərinin həlli xüsusi yer tutur. Prezident İlham Əliyevin tapşırığına əsasən, sözügedən təbəqədən olanlarla bağlı bir çox digər sosial proqramlar da icra edilir.

“YAŞAT” Fondunun yaradılması dövlətin humanizm prinsiplərinə, əhalinin sosial təminatı və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyini göstərir, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətini ifadə edir. Lakin bu da son deyil. Dövlət sosial proqramların sayını və əhatə dairəsinin genişləndiriləcəyinin anonsunu verir. Bu isə o deməkdir ki, hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həlli bundan sonra da prioritet vəzifə kimi qalacaq.

Azər Məmmədov,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*