Bakıda çoxmənzilli yaşayış binalarında parkinq yerlərinin satılması müzakirə olunan məsələlərdən birinə çevrilib. Yeraltı parkinqlərin MTK-lar tərəfindən satışa çıxarılması sakinlərin narazılığına səbəb olur. Onlar avtomobillərin saxlanması üçün olan yerlərin zəbt olunmasından şikayətçidirlər.
Bəs çoxmənzilli binalarda parkinq yerləri satıla bilərmi?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, çoxmənzilli binaların parkinq yerləri satılır və belə yerləri bina sakinlərinin özləri də ala bilərlər.
O bildirib ki, tikinti şirkətinin parkinq yerlərini başqa şəxsə satması halları da müşahidə edilir: “Bəzən belə hallar da olur ki, binada yaşayan hansısa sakinin evi, avtopark yeri var və hərəsini ayrı şəxslərə satır. Bəzi binalar da var ki, onların altında böyük parkinq yeri var və onlar ancaq icarəyə verilir. İcarəyə verdiyinə görə istənilən şəxs orada avtomobilini saxlaya bilir. Bununla bağlı qadağa yoxdur. Binanın tikilməsi bitən kimi parkinq yeri hələ satılmamış, ümumi istifadədə olan zaman sakinlər tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılarsa, bu halda sakinlər tərəfindən idarəetmə həyata keçiriləndə həmin parkinq yeri də bina sakinləri tərəfindən istifadə olunur. Daha çox çalışılır ki, parkinq yerləri bina sakinlərinə satılsın. Çünki binanın qarşısında parkinq yeri olmayanda bir çox problemlərə yol açır. Ancaq satışı baha olduğuna görə bir çox hallarda bina sakinləri həmin parkinq yerlərini əldə edə bilmirlər. Parkinq yeri ancaq bina idarəetməsinə məxsus olarsa, bu zaman başqa şəxsin avtomobil saxlamasına icazə verməyə bilərlər. Belə hallar da olur ki, şəxs binada əvvəllər yaşayıb, mənzilini satsa da, avtomobilini öz parkinq yerində saxlayır. Bununla bağlı xüsusi qadağa yoxdur. Bəzi binalar var ki, onların alt qatında üç mərtəbə parkinq yerləri var, bu səbəbdən ora həm də avtodayanacaq kimi istifadə edilir. Kim istəsə ödənişli əsaslarla orada saxlaya bilər”.
Vəkil Arzu Alıyeva isə bildirib ki, avtodayanacaqlar binanın balansında varsa, avtomobil saxlama yeri kimi sənədləşibsə, bu zaman həmin yerlər satıla bilər: “Bu ancaq bağlanan müqavilədən asılıdır. Ola bilər ki, müqavilədə müəyyən sahə üzrə otaq sayı alana həmin avtomobil yeri satıla bilər. Ümumiyyətlə, istənilən orada yaşamayan şəxsə də satıla bilər. Adətən mənzil sakinlərinə satılır, amma burada başqasına satılmaması ilə bağlı məhdudiyyət qoyulmur. Bunların hamısı bağlanan müqavilədən, avtodayanacağa olan sahiblikdən, mülkiyyətdən asılıdır. Avtodayanacaq tikinti şirkətinin mülkiyyətindədirsə və burada mənzil və digər sakinlərinə satış qadağası yoxdursa, o satıla bilər. Parkinq yerləri mənzilin tərkib hissəsidirsə bu ancaq mənzil sakinlərinə satılacaq. Hər şey müqavilədən asılıdır. Ümumilikdə avtodayanacaq mülkiyyətçi tərəfdən satıla bilər. Parkinq yeri alqı-satqının obyekti ola bilər”.
