ABŞ-da diqqətçəkən və bir çoxları üçün gözlənilməz hadisə baş verib. Qaradərili amerikalıların hüquqları uğrunda mübarizə aparan tanınmış siyasətçi Cessi Ceksonun qızı Eşli Cekson yəhudiliyi qəbul edib. O, həmçinin Miryam İska adını götürüb.
Onun atası Cessi Cekson Martin Lüter Kinqin silahdaşlarından biri olub. 1960-cı illərdə vətəndaş hüquqları uğrunda mübarizədə fəal iştirak edib. 1984 və 1988-ci illərdə isə ABŞ Demokrat Partiyasından prezidentliyə namizədliyini irəli sürməyə çalışıb.
Bununla belə, Cessi Ceksonun İsrailə münasibəti uzun illər kəskin tənqidi və düşmənçilik mövqeyi ilə seçilib.
O, dəfələrlə Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfatla görüşüb, Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. 1979-cu ildə İsrailin baş naziri Menahem Beqini “terrorçu” adlandırıb. 1984-cü ildə isə yəhudilər haqqında səsləndirdiyi təhqiramiz fikirlərə görə antisemitizm qalmaqalının mərkəzinə düşüb.
İndi isə onun öz qızı yəhudiliyi qəbul edib.
Eşli Cekson yəhudi dininə və ənənələrinə maraq göstərərək, uzun müddət bu istiqamətdə araşdırmalar aparıb və dini biliklərə yiyələnib. Onun mənəvi seçimində xüsusilə Roş ha-Şana bayramı zamanı şofarın – ənənəvi qoç buynuzundan hazırlanmış musiqi alətinin səsinin xüsusi təsiri olub. Həmin an o, göz yaşlarını saxlaya bilməyib.
Eşli yəhudiliyə keçid mərasimini – gerutu 2026-cı il iyunun 12-də, valideynlərinin xeyir-duası ilə tamamlayıb. Atası da bu mühüm gündə onun yanında olub və qızı ilə birlikdə sinaqoqa gedib.
Hazırda Eşli Cekson antisemitizmlə mübarizə aparmaq, həmçinin qaradərili amerikalılarla yəhudi icması arasında tarixən mövcud olmuş dostluq və həmrəyliyi yenidən gücləndirmək niyyətindədir.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
Mənbə: The Washington Post,
Kir Gelman.
