Yol çökdü, maşın zədələndi: Zərəri kim ödəməlidir? – Vəkildən AÇIQLAMAbackend

Yol çökdü, maşın zədələndi: Zərəri kim ödəməlidir? – Vəkildən AÇIQLAMA

Bakıda və digər bölgələrdə yolların çökməsi nəticəsində avtomobillərin zədələnməsi, piyadaların xəsarət alması və vətəndaşların maddi zərərlə üzləşməsi halları zaman-zaman gündəmə gəlir. Belə vəziyyətdə zərərçəkən şəxsin dəymiş ziyanın ödənilməsi üçün kimə müraciət etməli olduğu isə hər zaman aydın olmur.

Bəs yol çökübsə vətəndaşa dəyən zərəri hansı qurum ödəməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, bu məsələ “Avtomobil yolları haqqında” Qanunun müvafiq maddələri ilə tənzimlənir.

Vəkil Turan Abdullazadə Ad gününüz mübarək! » XeberTime.Az

Onun sözlərinə görə, avtomobil yollarının çökməsi və bunun nəticəsində vətəndaşa zərər dəyməsi halında, müəyyən hallarda məsuliyyət yol təsərrüfatı orqanlarının, onların idarə və müəssisələrinin, eləcə də vəzifəli şəxslərin üzərinə düşə bilər.

“Yol təsərrüfatı orqanı dedikdə hansı qurumlar nəzərdə tutulur?” sualına cavab verən vəkil qeyd edib ki, avtomobil yollarının və Bakının əsas küçələrinin böyük hissəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzarət edir. Bununla yanaşı, bəzi daxili və həyət yolları müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin səlahiyyətindədir.

Vəkilin sözlərinə görə, aidiyyəti qurumların əsas vəzifələrindən biri yolları təhlükəsiz vəziyyətdə saxlamaq, təhlükəli əraziləri vaxtında müəyyənləşdirmək və zəruri hallarda həmin yerləri nişanlamaqdır:

“Əgər bunu etməyiblərsə, Mülki Məcəllənin zərərin ödənilməsi, yəni delikt məsuliyyəti ilə bağlı normaları əsasında məsuliyyət daşıya bilərlər”.

Turan Abdullazadə diqqətə çatdırıb ki, yolun çökməsinə səbəb olan amil də məsuliyyətin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Belə ki, çökmə yeraltı suların təsiri və ya kanalizasiya xəttində baş verən sızma nəticəsində yaranıbsa, məsuliyyət həmin kommunikasiya xəttinin sahibinin üzərinə düşə bilər. Buraya su, qaz, istilik və digər kommunal xətlərə cavabdeh qurumlar aid ola bilər.

Eyni zamanda, ərazidə qazıntı və ya təmir işləri aparılıbsa və yolun çökməsinə həmin işlər səbəb olubsa, zərərin ödənilməsinə görə işləri həyata keçirən şirkət də məsuliyyət daşıya bilər.

Vəkil bildirib ki, bəzi hallarda sığorta ödənişi də tətbiq oluna bilər. Hadisə sığorta hadisəsi kimi tanındığı təqdirdə, avtomobilə dəymiş zərər sığorta şirkəti tərəfindən qarşılanır.

“Qeyd etdiyim halların heç biri mövcud deyilsə, burada yol təsərrüfatı orqanı, onun idarələri və məsul vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Vətəndaşın həyat və sağlamlığına dəymiş ziyanın əvəzi həmin orqanların və müəssisələrin vəsaiti hesabına ödənilir”, – deyə vəkil vurğulayıb.

Beləliklə, yolun çökməsi nəticəsində zərər çəkən vətəndaş üçün əsas məsələ yalnız yolun hansı quruma məxsus olduğunu deyil, çökməyə nəyin səbəb olduğunu da müəyyənləşdirməkdir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*