Rusiyanın Leninqrad vilayətində çınqıl daşıyan yük qatarı Özbəkistan vətəndaşını vuraraq öldürüb.
KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, faciə keçən şənbə günü baş verib.
Axşam saat 20:00 raddələrində Lomonosov rayonunun polis şöbəsinə Novogorelovo kəndi yaxınlığında 15 vaqonlu yük qatarının bir adamı vurduğu barədə məlumat daxil olub. Şəxs aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Hadisə yerinə gələn polis ölənin Leninqrad vilayətinin tikinti sahələrindən birində işləyən 42 yaşlı Özbəkistan vətəndaşı olduğunu müəyyən edib. Özbək mağazadan evə qayıdırmış. Qatarın sürücüsü bildirib ki, kişinin başında kapyuşon olub və relslərin üstü ilə gedirmiş. Dəmiryolçunun sözlərinə görə, piyada qatar siqnallarına heç bir reaksiya verməyib.

Qeyd olunub ki, qatar saatda 20 kilometrdən çox olmayan sürətlə gedirmiş. İnsan ölümünün qarşısını almaq üçün sürücü ekstremal əyləc sistemindən yararlanıb. Ancaq yüklə dolu qatarı vaxtında dayandıra bilməyib.
Hazırda şəxsin ölüm faktı ilə bağlı yoxlama aparılır. Polis hadisənin bütün təfərrüatlarını araşdırır.
