Zamanı qabaqlayan LİDERbackend

Zamanı qabaqlayan LİDER

Elməddin Quliyev

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri 

Ulu öndər Heydər Əliyevin əsəri olan müasir Azərbaycan Zəfər yolu ilə möhtəşəm uğurlara doğru inamla addımlayır    

“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki,  ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün. Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın tacı, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən səsləndirdiyi bu fikirlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin böyüklüyünü təqdim etməklə yanaşı, Ümummilli Liderin yolunun uğurlu davamının necə  möhtəşəm uğurlara yol açdığını nümayiş etdirir. Vətənini, torpağını sevən, xalqına güvənən, onun gələcəyi üçün  çalışan Liderin ideyaları ən çətin məqamlarda düzgün seçimlər etməyə imkan yaradır, yol göstərir. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bugününün və sabahının əsasıdır.

Tarixi Zəfərimizin yaratdığı qürur Heydər Əliyev siyasətinin təntənəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirlərini də xatırlatmaq istərdik: “Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.”

Müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycanın bugününü həmin illərlə müqayisə etdikdə tamamilə yeni bir mənzərənin şahidi oluruq. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, ölkəmizin hansı vəziyyətdə olacağını belə düşünmək mümkün deyildi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan şəxslərin rəhbərliyi Azərbaycanı uçurumun qarşısında qoymuşdur. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedirdi. Bir sözlə, hakimiyyətsizlik hökm sürürdü. Ölkədə vətəndaş qarşıdurması yaşanır, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Digər tərəfdən isə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilmişdir. Xalqın səbir kasası tamamilə dolmuşdu. Antimilli ünsürlərin xəyanəti nəticəsində  Şuşanın, Laçının, Kəlbəcərin işğalından sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək niyyəti reallığa çevrildi.

Belə bir çətin dövrdə xalq öz xilaskarını axtardı. Xalqın sabaha ümidi olmasa da özündə əminlik yaradırdı ki, dahi şəxsiyyət, zəngin dövlətçilik təcrübəsinə malik olan, Vətənini, xalqını canından artıq sevən ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdarsa, Azərbaycan bütün bu çətinliklərdən xilas olacaq, tezliklə həyat yenidən bərpa olunaraq ölkəmizin qarşısında geniş üfüqlər açılacaq. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin bugünü və gələcəyi üçün möhkəm təməl yaratdı. Məhz həmin təməl üzərində inkişaf edən, qüdrətini, dünya birliyində söz sahibliyini möhkəmləndirən, imzası qədər sözünün də əhəmiyyətli olduğunu təsdiqləyən Azərbaycan bu gün Ümummilli Liderin görmək istədiyi qalib Azərbaycandır. Ulu öndər Heydər Əliyevin Azərbaycanı  fəlakətdən qurtarmaq, müstəqilliyinin daimiliyini təmin etmək, arzuladığı yeni, müstəqil Azərbaycanı qurmaq istiqamətində göstərdiyi səylər, həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət öz nəticəsini verdi. Hər bir inkişafın əsasında sabitliyin dayandığını önə çəkən Ümummilli Liderin səyləri nəticəsində  əvvəlcə atəşkəs barədə razılıq əldə olundu. 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin yaradılmasına və bu fonda digər sahələrin inkişafı istiqamətində mühüm addımların atılmasına geniş yol açdı. Torpaqlarımızın işğalının qarşıs alındı. Ölkədəki  anarxiyanın, özbaşınalıqların aradan qaldırılması üçün təsirli tədbirlər həyata keçirildi. Sabitliyin yaradılması Azərbaycana beynəlxalq səviyyədə inamı artırdı və ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artdı.

Bu inkaredilməz reallıqdır ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət və marağında olub. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədəki xaos, anarxiya Azərbaycanla əməkdaşlıq əlaqələrini qurmaqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində daimi sabitlik yaratmaqla bu tərəddüdləri aradan qaldırdı. Beləliklə Azərbaycanla dost, tərəfdaş ölkələrin sayı artdı. Ümummilli Liderin ölkə iqtisadiyyatının inkişafında neft amilinə üstünlük verərək respublikamızın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasını gerçəkləşdirməsi həm Azərbaycanın dayanıqlı iqtisadi inkişafını, həm də dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası müasir müstəqil Azərbaycanın qarşısında imkanları daha da genişləndirdi, çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi, onların ardınca əməkdaşlığın coğrafiyası daha da genişlənərək Cənub Qaz Dəhlizi layihəsi gerçəkləşdi. “Yeni əsrin müqaviləsi” imzalandı.

Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafı, tərəqqisi Ümummilli Liderin adı ilə bağlı olmasın. Azərbaycanın iqtisadi qüdrətinin artması digər sahələrin, o cümlədən ordu quruculuğu sahəsində mühüm addımların atılmasını təmin etdi. Ulu öndər Heydər Əliyev “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün qüdrətli ordun olmalıdır” tezisini irəli sürərək ölkəmizin müdafiə gücünün artırılması, maddi-texniki bazasının, döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atdı. Nizami ordu yaradıldı. Müstəqilliyimizin bərpasının ilk illərinə nəzər salsaq bu reallığı da xüsusi qeyd etməliyik ki, hərbi xidmətdən yayınma halları geniş vüsət almışdı. Ulu öndər Heydər Əliyevin orduya diqqət və qayğısı bu xoşagəlməz halın da aradan götürülməsini təmin etdi. Azərbaycan gəncləri böyük ruh yüksəkliyi,  mübarizə əzmi ilə  hərbi xidmətə yollandı.

Ümummilli Lider düşünülmüş siyasəti ilə Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yardı. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə yol açmışdır. Dahi şəxsiyyətin uğurlu addımları, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirməsi, ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasına nail olması və sair kimi mühüm addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. Bu kimi uğurlu addımlar 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirdi.

Sağlığında əfsanəyə çevrilən, həyatının hər bir məqamı örnək olan ulu öndər Heydər Əliyevin dövləti, xalqı qarşısında xidmətlərini bir yazıda əhatə etmək qeyri-mümkündür. Onun fəaliyyətinin ayrı-ayrı sahələri barədə günlərlə, aylarla danışmaq olar. İllər keçdikcə bu xidmətlərin miqyasının nə qədər böyük, bugünümüzə hesablanmış addımlar olduğunu görür və bundan qürur hissi keçiririk. Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın bu günü üçün möhkəm baza formalaşdırmışdır. Gənclərin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, Azərbaycanın iqtisadi qüdrətinin artırılması, qabaqcıl ölkələr sırasında yer alması və digər addımlar hər zaman xalqımız tərəfindən yüksək dəyərləndirilir. Ümummilli Lider kadr hazırlığına xüsusi diqqət göstərirdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində  Azərbaycan dünyaya günəş kimi doğdu. Bu, Ümummilli Liderin ən böyük arzusu idi. Dahi şəxsiyyət bildirmişdir ki,  müstəqil Azərbaycanın əsas ideyası  azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı- Azərbaycanın  dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini  inkişaf etdirməliyik. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin  təməlini qoymaqla mühüm bir missiyanı reallığa çevirdi-milliliklə dövlətçiliyin sarsılmaz vəhdətini təmin etdi. Hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycanda gerçəkləşdi. Bir sözlə, ulu öndər Heydər Əliyev tarix baxımından qısa dövrdə Azərbaycana rəhbərlik etməklə ölkəmizin bugünkü və gələcək inkişafının  möhkəm əsasını qoydu, inkişafı şərtləndirən ideya və prinsipləri müəyyənləşdirdi. Heydər Əliyev irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılması günümüzün əsas tələbləri sırasındadır. Azərbaycanı qalibiyyətə qovuşduran, gələcəyə doğru inamla addımlamasını təmin edən Heydər Əliyev ideyalarının təbliğatçısı olmaq hər birimiz üçün böyük xoşbəxtlikdir. Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilib. Qürurvericidir ki, dünya azərbaycanlıları bu gün artıq azad Qarabağa, azad Şuşaya toplaşaraq qarşıda dayanan hədəfləri müzakirə edir, yol xəritəsini hazırlayırlar. Tarixə Zəfər Qurultayı kimi yazılan Dünya Azərbaycanlılarının V Qurultayı dünyanın diqqətini Şuşaya yönəltdi. Azərbaycanın döyünən ürəyi olan Şuşa hər gün qonaqlarını qarşılayır, beynəlxalq tədbirlərə ev sahibliyi edir, diplomatik mərkəzə çevrilib. Şuşa yaxın günlərdə yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edəcək. Cıdır düzündən muğamımız səslənir. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimiz quruculuq meydançasını xatırladır. Müasir tələblər səviyyəsində bərpa olunan, yenidən qurulan torpaqlarımız Böyük Qayıdışa hazırlaşır. Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi  mövqeyini daha da möhkəmləndirir, regionun gələcəyi ilə bağlı planlarını açıqlayır. Dünya gücləri Azərbaycanın mövqeyini dəstəkləyərək dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstəklərini göstərməyə hazır olduqlarını bildirirlər. Azərbaycan sülh gündəliyini təqdim edib. Hazırda bu məsələ gündəmdədir. Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın gələcək inkişafı üçün hədəfləri  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də  açıqlayır. İqtisadi rayonların yeni bölgüsü aparılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Uğurlarımız sadalamaqla bitmir. Gerçək bir həqiqətdir ki, bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Ümummilli Lider 1 oktyabr 2003-cü ildə xalqa müraciətində Azərbaycanın gələcək inkişafının təmin olunması üçün növbəti inam və etimad ünvanını  göstərməklə dövləti, xalqı qarşısında xidmətlərinin miqyasının daha da genişlənməsini təmin etdi. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevə milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirəcəyini bəyan etdi və son 18 ildən artıq dövrdə sözlə əməl birliyinin sayəsində xalqın inamını, etimadını qazandı, 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsini təmin edərək uğurlarımızın zirvəsində dayanan Zəfər tarixini yazdı. Ulu öndər Heydər Əliyev müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev torpaqlarımızın xilaskarı kimi tarixə adlarını qızıl hərflərlə yazdılar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu və vəsiyyətini şərəflə yerinə yetirdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, torpaqlarımız tarixi sahibinə qovuşdu, 30 ilin torpaq həsrətinə son qoyuldu. Qarşımızda dahi şəxsiyyətin görmək istədiyi Azərbaycan dayanıb. Azərbaycan xalqının xoşbəxliyidir ki, Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi Müzəffər Sərkərdəsi var. Bu gün Azərbaycanın səsi qalib ölkə kimi eşidilir. Şanlı Zəfərimiz xalqımızın yenilməzliyini, məğrurluğunu nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Zəfər yolu ilə möhtəşəm uğurlara doğru inamla addımlayır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*