Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir neçə mühüm şərti var. Bunlara Avropa İttifaqına üzvlük, güclü ordu və ölkənin bərpasının maliyyələşdirilməsi daxildir.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri atəşkəs və müvafiq razılaşma ilə müşayiət olunmalıdır. Zelenski bu mexanizmin NATO-nun kollektiv müdafiə prinsipinə bənzər şəkildə işləməli olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Rusiya yenidən təcavüzə əl atacağı təqdirdə, Ukraynanın tərəfdaşlarının necə reaksiya verəcəyi əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir.
“Biz aydın şəkildə başa düşməliyik ki, Rusiya yenidən təcavüzə başlasa, bəzi tərəfdaşlarımız buna reaksiya verəcək. Lakin onların konkret olaraq necə hərəkət edəcəyini bilmirik. Mənim üçün təhlükəsizlik zəmanətlərindən danışarkən bütün bunlar dəqiq müəyyənləşdirilməlidir”, – deyə Zelenski bildirib.
O, Rusiyanın başlatdığı müharibənin davam etdiyini xatırladaraq, Ukraynanın Moskvanı həqiqətən çəkindirəcək mexanizmlərə ehtiyac duyduğunu bildirib.
Zelenskinin sözlərinə görə, bu, sülh nizamlanması çərçivəsində Ukrayna ərazisində neçə ölkənin hərbçilərinin yerləşdiriləcəyi və onların sayının nə qədər olacağı ilə bağlı konkret razılaşmaları da əhatə etməlidir.
Günay Əli
KONKRET.az
