Zibilillə dolu şar Cənubi Koreya prezidentinin ofisinə düşüb
Şimali Koreyadan göndərilən zibil balonu Cənubi Koreyanın prezident kompleksinin ərazisinə düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Kimyəvi, bioloji və radioloji qrup tərəfindən aparılan araşdırma obyektlərin heç bir təhlükə yaratmadığını göstərib”, – deyə təhlükəsizlik xidməti şardan düşən dağıntılarla bağlı bildirib.
Qeyd edək ki, Pxenyan mayın sonundan Cənubi Koreya ərazisinə məişət tullantılarını bu şəkildə göndərir. Şimali Koreya bu yolla Cənubi Koreyanın təbliğat vərəqələrinin yayılmasına oxşar şəkildə cavab verdiklərini bildirib. İyunun əvvəlində Seul Şimali Koreya ilə sərhəddə səsgücləndiricilərdən yayımı bərpa etmək niyyətində olduğunu bəyan edib. Beləliklə, KXDR-in sərhədyanı rayonlarının sakinləri K-pop, xəbərlər və Cənubi Koreyanın digər verilişlərini dinləyə biləcəklər.
Rəsmiyyə Şərifova,
KONKRET.az