Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nahid Səfərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hökmü qüvvədə saxlanılıb.
İttihama görə, o, ayrı-ayrı epizodlar üzrə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirib.
İlk epizodda Nahid Səfərov tanışı, zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) “Orxan” adlı şəxslə pul tələbi ilə bağlı mübahisəsinin istintaq orqanlarının birinin icraata qəbul edilərək araşdırılmasına köməklik göstərəcəyini vəd edib. Bu vədlə zərərçəkmiş şəxsin etibarından sui-istifadə edən təqsirləndirilən şəxs onun həyat yoldaşından 2022-ci ilin mart ayının sonunda Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən “İlisu” restoranında 6 500 manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib və həmin məbləğdə zərər vurmaqla dələduzluq edib.
İttihamın digər epizodunda Nahid Səfərov eyni məsələ ilə bağlı yenidən D.D.-yə köməklik göstərəcəyini vəd edib. Bu dəfə o, “Orxan” adlı şəxslə mübahisənin həmin istintaq orqanında zərərçəkmiş şəxsin xeyrinə həll ediləcəyini və həmin şəxsin vurduğu ziyanın ödənilməsinə kömək edəcəyini dediyi qeyd edib. Bu vədlə D.D.-nin həyat yoldaşı 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının çıxışı yaxınlığında 40 000 manat pulu təqsirləndirilən şəxsə verib. Lakin Nahid Səfərov verdiyi vədə əməl etməyib və nəticədə zərərçəkmiş şəxsə 40 000 manat məbləğində zərər vurub.
Növbəti epizod MMC-lərdən birinin direktoru olduğu dövrə aiddir.
Belə ki, təqsirləndirilən şəxs şirkətin rəhbəri kimi tutduğu vəzifədən istifadə edərək zərərçəkmiş F.F.-ə (adı, soyadı şərtidir) məxsus, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən bitki mühafizə vasitələri və tərəvəz bitkilərinin idxalı və satışı anbarının dövlət büdcəsinə olan 37 509 manat 05 qəpik vergi cəriməsinin silinməsinə köməklik göstərəcəyini vəd edib. Bu məqsədlə Nahid Səfərov zərərçəkmiş şəxs ilə MMC arasında hüquqi xidmət göstərilməsinə dair müqavilənin bağlanmasına nail olub. Müqavilənin bağlandığı 2022-ci il tarixdə D.D. tərəfindən şirkətin hesabına 5 000 manat köçürülüb.
Bundan sonra o, 2022-ci ilin dekabr ayının əvvəllərində MMC-nin ofisində daha 5 000 manat, 2023-cü il tarixdə isə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Badi Səba” şadlıq sarayının qarşısında əlavə 5 000 manat pul alıb.
Beləliklə, ittihama əsasən, bu epizod üzrə zərərçəkmiş şəxsdən ümumilikdə 10 000 manat pul ələ keçirilib.
Cinayət işinin digər və daha böyük epizodunda isə təqsirləndirilən şəxsin aərərçəkmiş E.E.-nin (adı, soyadı şərtidir) qadın alt paltarlarının satışı ilə bağlı biznes qurmaq və qazancı bölüşmək vədi ilə aldatdığı bildirilir.
İttihama görə, Nahid Səfərov şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinə Türkiyədən qadın alt paltarları gətizdirərək onların satışını təşkil etməklə birlikdə qazanc əldə edəcəklərini vəd edib. Bu vədlə o, zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda və müxtəlif üsullarla ümumilikdə 55 000 manat pul alınıb. Lakin Nahid Səfərov verdiyi vədə əməl etməyərək dələduzluq edib.
Bundan başqa, təqsirləndirilən şəxs rəhbərlik etdiyi MMC ilə zərərçəkmiş İ.Zeynalabdıyevin təsisçisi olduğu şirkət arasında mühasibat uçotu üzrə xidmət göstərilməsinə dair müqavilə bağlanacağı təqdirdə şirkətin dövlət büdcəsinə olan 91 000 manat vergi borcunun silinməsinə köməklik göstərəcəyini vəd edib. Bu vədlə o, müqavilənin bağlanmasına nail olub və daha sonra İ.Zeynalabdıyevdən müxtəlif vaxtlarda ümumilikdə 55 000 manat pul alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Səfərov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Məhkəmə onun 7 il müddətinə azadlıqdan məhrum edilməsinə, əlavə cəza olaraq isə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməsinə qərar verib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət almasını istəyib.
